Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsi çərçivəsində qalib olmuş "Fərdi inkişaf və peşə təlimləri" adlı layihə icrası Bakı, Gəncə və Sumqayıt şəhərləri və Şəmkir rayonunda uğurla yekunlaşıb. Fərdi inkişafla yanaşı bugün cəmiyyətdə peşə təhsilinə və müxtəlif peşə sahələrinə marağın genişləndirilməsi də problem şəklini almışdır. Peşə təhsili rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. Yerli və beynəlxalq qurumlar və ölkələrin iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirən məsul şəxslər iqtisadiyyatın inkişafı və sosial bərabərliyin təmin edilməsinə nail olmaq üçün müasir peşə təhsili sisteminin bərqərar olmasına xüsusi önəm verirlər.Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi hazırlanın və icra olunmaqdadır.Strateji Yol Xəritəsində 2020-ci ilədək olan müddətdə ölkənin peşə təhsili və təlimi sistemində işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin yaradılması, məqsədli peşə inkişafı proqramlarının yaradılması, sektorlar üzrə spesifik proqramların yaradılması, peşə təhsili və təlimi üzrə hədəflərin əldə olunmasına təkan verəcək vasitələrin tətbiqi strateji hədəflərinə nail olmaq planlaşdırılır." Fərdi inkişaf və peşə təlimləri " adlı layihə çərçivəsində həm gənclərin fərdi inkişafla bağlı çətinlikləri, həm peşə təhsili ilə bağlı məqamlar, həm də Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi-2020 haqqında informasiya mübadiləsi və müzakirələr həyata keçirilib.
Layihədən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, universitet tələbələri və digər şəxslər qrupundan ibarət 100-dən artıq gənc yararlanıb. Layihənin lazımlılığını nəzərə alaraq davamlı şəkildə gələcəkdə Azərbaycanın bir sıra şəhər və rayonlarında keçirilməsi planlaşdırılır.