Ləğv edilmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov Baş prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılmasını və orada keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla üzləşdirildiyi barədə mətbuatda yayılan xəbərləri təkzib edib.
“Ucnoqta.az” virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə 12 il azadlıqdan məhrum edilmiş keçmiş MTN generalının vəkili Kamandar Nəsibov bildirib.
"Akif Çovdarov həbs altında olarkən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşməyib, onunla üzləşdirilməyib və xüsusən də əleyhinə heç bir ifadə verməyib”
Xatırladaq ki, bundan əvvəl saytlardan biri Akif Çovdarovun Mahmudovla üzləşdirildiyi və onun əleyhinə ifadə verməyə razılaşdığı haqda yazmışdı. Vəkil bildirir ki, onun müdafiə etdiyi şəxs barədə yayılan bu məlumat doğru deyil.
"Nə istintaq dövründə nə məhkəmə prosesində Akif Çovdarov Eldar Mahmudovun əleyhinə heç bir ifadə verməyib. Prinsipcə o, Eldar Mahmudovun qanunazidd fəaliyyətləri barədə heç nə deyə bilməzdi, çünki bu barədə məlumata malik deyil. Mən jurnalistləri yalan məlumatlar yaymaqdan çəkinməyə çağırıram” - vəkil deyib.
Xatırladaq ki, Eldar Mahmudov köməkçisi və qohumu olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib. V.Mahmudov hazırda həbsdədir, vəzifə səlahiyyətlərindən sui-istifadədə və mənimsəmədə ittiham edilir. E.Mahmudov ötən həftə sonu dalbadal istintaqa çağırılıb, bütün gün ərzində dindirilib.