Ağaxan Salmanlı: “İmkansızlıq səbəbindən bütün yayı kənddə qalırdım”
“Teatr bir yaradıcılıq meydanıdır, həyatla sıx bağlıdır. Cəmiyyətlə bir düşünür, bir nəfəs alır, canlı orqanizmdir. Ona görə də cəmiyyətdə baş verən ovqat teatra təsirsiz keçmir. Bədbin deyiləm, hər vəziyyətə nikbin yanaşıram”. Deyir ki, uğurları ilə yanaşı, uğursuz bir hal olanda da darıxmır və ətrafındakılara da bunu məsləhət görür.
Bu dəfəki müsahibimiz öz sənətinin vurğunu olan, valideynlərinin narazı olmasına baxmayaraq sevdiyi sənəti seçən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Ağaxan Salmanlıdır.
“Ən xoş xəyallarıma o yelləncəkdə dalırdım”
Uşaqlıq illəri romantik xəyallarla doludur. Aktyor deyir ki, yaşıdları ilə oynadığı məhəllə oyunlarını heç vaxt unuda bilməz: “Müharibə dövrünün uşağıyam... O dövr və sonrakı ehtiyaclı illər yadımdadır. Atam və anam işləyir, iki qardaşımın və mənim yemək-geyinmək ehtiyaclarımızı ödəyirdilər. Ən çox sıxıntı keçirdiyım illər yay ayları olurdu. İmkansızlıq ucbatından heç yerə getməyib, bütün yayı kənddə qalırdım. Ana nənəm Məstanə xanımın yanında... Aygün Bəylərin "Tut ağacı" mahnısı mənə nə qədər doğmadır bilsəz! Nənəm gilin həyətində iri bir tut ağacı var idi, budağından yelləncək asılmışdı. Ən xoş xəyallarıma o yelləncəkdə dalırdım... Tutu da ki, bol... Doyunca yesən də qurtarmaq bilmirdi”.
“200 -300 metrlik məsafədən vedrələrlə su daşıyırdım”
Sakit, sözə baxan, ev və həyət-baca işlərinə kömək edən uşaq olub: “Evdəkilər işdə olurdu, həyətə də su gəlmirdi. Suyu 200 -300 metrlik məsafədən vedrələrlə daşıyırdım. Hərçənd anam bunun üstündə məni danlayırdı, lakin kömək məqsədilə edirdim. Bir işə yaradığıma görə qürur duyurdum”.
“Ümidverici təsir bağışlayırdım”
Ağaxan müəllim deyir ki, tələbəlik illəri adi keçib. Bir imtahan vaxtı keçdiyi turlarda, bir də kurs və diplom tamaşalarından sonra tanınıb: “Qalan vaxtlar dərslər və məşqlərlə məşğul olmuşam. Lakin müəllimlərimin rəyincə ümidverici təsir bağışlayırdım”.
“Hərbi xidmətə olan marağım tamamilə yox olmuşdu”
Hərbi xidmətdə olmamışam. Heç institutu bitirəndən sonra da xidmət etməmişəm. Heç xidmət etməyi özüm də istəmirdim. Çünki sovet vaxtı hərbi xidmətə çağırılanları uzaq yerlərə, soyuq zonalara xidmətə göndərirdilər. Həm də o yerlərdə xidmət edib gələnlər "dedovşina" deyilən vəziyyətlərdən, elə özbaşınalıqlardan danışırdılar ki, hərbi xidmətə olan marağım da demək olar ki, tamamilə yox olmuşdu. Son kursda oxuyanda işləyirdim deyə qan təzyiqim normadan çox yuxarı qalxmışdı. Ona görə də məni hərbi xidmətdən azad etdilər”.
“Yazılan məqalələri qayçılayıb saxlayırdım”
“Gənclik illərimin ən əziz xatirəsi sevgi idi - Teatr sevgisi! Bir yeni tamaşanı buraxmırdım, yazılan məqalələri qayçılayıb saxlayırdım, teatra gedəndə aktyorların foyedə satılan foto-açıqcalarını alıb yığırdım... O illərin böyük sənətkarlarını indi də xatırlayıram, oyunları canlı olaraq gözüm önünə gəlir... Ələsgər Ələkbərov, Əjdər Sultanov, Sona Hacıyeva, Fatma Qədri, Əlağa Ağayev, İsmayıl Osmanlı, Lütfəli Abdullayev, Bəşir Səfər oğlu, Şəfiqə Qasımova,Yeva Olenskaya, Hökümə Qurbanova, Nəcibə Məlikova, Qəmər Almaszadə, Leyla Vəkilova... saymaqla qurtarmaz. Teatr sənətinin qızıl dövrü o illər idi...”.
Peşiman olmağa haqqı olmadığını deyir…
Heç nədən peşiman deyiləm. Haqqım yoxdur, bu sənəti hamının etirazına baxmadan özüm seçmişəm. Həyatın yolları da ki, heç hamar deyil, bu da məlum məsələdir. Ona görə də, haqsızlıqlar, çətinliklər olanda da -"Özü yıxılan ağlamaz" - deyə, səbrlə yola verib, davam edirəm”.
“Evdə dedilər ki, bu sənətdə aclıq olur...”
Atası poeziya həvəskarı olub, "Əli Fani" təxəllüsü ilə şeirlər, qəzəllər yazıb: “Yadımdadır, evimizdə tez-tez ədəbi məclislər qurulurdu. Mən də onlara qulluq edirdim. Anam isə bağçada tərbiyəçi işləyirdi. Bağçada müxtəlif səhnəciklər hazırlayanda anam məni o tədbirə cəlb eləyirdi. Yəqin ki, o mühitin mənə təsiri oldu. Məktəbi bitirdim, aktyor olmaq istədiyimi bildirəndə, evdə narazılıq oldu. Evdə dedilər ki, bu sənətdə aclıq olur. Amma ürəyimin səsinə və istedadlı olmağıma inanıb bu sənətə gəldim”.
“İlk dəfə sənədlərimi verəndə kəsildim”
1959-cu ildə orta məktəbi bitirib Teatr İnstitutuna sənədlərimi verdim və tarix fənnindən kəsildim. Müəllimim məni Kukla Teatrına təqdim etdi və məni bəyənib işə götürdülər. Düz bir il işlədim və növbəti 1960-cı ilin qəbulunda “Dram və kino” aktyorluğu fakültəsinə daxil oldum. Kursun rəhbəri xalq artistı, professor Rza Təhmasib, assistentləri,o vaxt gənc aktyorlar Məlik Dadaşov və Müxlis Cənizadə idi.
"A kişi, bir samovar al, hərdən bir samovar çayı dəmləyək içək..."
Müsahibimiz deyir ki, ilk iş yeri Kukla Teatrı olub və ilk maaşından da anasına hədiyyə alıb: “Anama hədiyyə aldığım kömürlə odlanan samovar hələ də evimizdədir. Məhz niyə samovar? Onu da deyim. Anam həmişə atama deyərdi ki, -"A kişi, bir samovar al, hərdən bir samovar çayı dəmləyək içək". Atam da elə söz verirdi, lakin samovar gəlib çıxmırdı ki, çıxmırdı. Nəhayət mən ilk maaşımı alanda anamın bu arzusunu yerinə yetirərək, somavarı alıb gətirdim”.
“Uğurlarımızla yanaşı, uğursuz bir hal olanda da darıxmıram”
Ağaxan müəllim deyir ki, teatr yaradıcılıq meydanıdır, həyatla sıx bağlıdır. Cəmiyyətlə bir düşünür, bir nəfəs alır, canlı orqanizmdir: “Can da belədir ki, sağlam, xəstə, kefikök, dilxor, nasaz və s. məqamları olur. Ona görə də cəmiyyətdə baş verən ovqat teatra təsirsiz keçmir. Mən bədbin deyiləm, hər vəziyyətə nikbin yanaşıram. Uğurlarımızla yanaşı, uğursuz bir hal olanda da darıxmıram. Və ətrafımdakılara da darıxmamağı məsləhət görürəm. Hər şey yaxşılığı doğru gedir, gedəcək də!”.
“Aktyor bədii ədəbiyyatı bilməlidi”
Xalq artisti gənc aktyorların sənətə olan münasibəti barədə də danışdı: “Əvvəllər tələb vardı. Aktyor mütləq dramaturqları tanımalı, onların əsərlərini oxumalı idi. Aktyor bədii ədəbiyyatı bilməlidir. Biz masa ətrafında aylarla məşq edirdik. Ümumiyyətlə, məşqlər üç cür aparılırdı: masa ətrafı, qurama dekorasiyalarla və səhnə məşqi. İdeya istiqaməti məhz masa ətrafı məşqdə müəyyən edilir. İndi bu növ məşqləri qısaldıblar. Birbaşa səhnəyə çıxılır. Bu düzgün deyil. Bütün araşdırmalar masa ətrafı məşqlərdə aparılır. Aktyor bir çox xüsusiyyətlərə malik olmalıdır, bir çox sahələrə bələd olmalıdır – danışıq, vokal, rəqs və s. Eyni zamanda intellekt, dramaturgiya, estetika və digər anlayışlar olmalıdır, çünki teatr sintetik sənətdir. Gənclər Mirzə Fətəli Axundov və Cəfər Cabbarlının əsərlərini səhv salırlar. Dünya dramaturqları bir yana, milli dramaturqları tanımırlar. Bundan başqa, işləməyə həvəsləri yoxdur. Onlar tez bir zamanda populyar olmaq istəyirlər. Oynadıqları rolu belə unudurlar, çünki içləri boşdur. Məşqlər lazımi qaydada getmir”.
“Sevgisiz iş natamam olur”
Aktyor sonda öz tövsiyəsini verdi : “İnsanları sevin, onlara qayğı ilə yanaşın, ömür çox qısadır: “Biz aktyorların əsas obyekti insanlardır. Səhnədə biz onların surətini yaradırıq. İnsanlar isə müxtəlif! Ona görə də hər kəsi öz düşüncəsində, öz anlamında, öz əməlində dərk etmək, başa düşmək və sevgi ilə yanaşmaq zorundayıq. Sevgisiz iş natamam olur, ona görə də bütün insanlara sevgi ilə yanaşmağı üstün bilirəm”.
Könül Əhmədova