“Qrupda son oyunumuzdu. Nəticə baxımından razı olmasaq da, bu turnir bizim üçün böyük təcrübə oldu. Sabahkı oyunda da düzgün, ciddi mübarizə aparmağa çalışacağıq. Ola bilər ki, “Roma”nın şansı bu oyunla bağlı olsun. Futbolçular ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar. Çempionlar Liqasında hansı səviyyəyə çatdıqlarını göstərmək üçün böyük şans olacaq”. Ucnoqta.az Apasport.az-a istimadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının qrup mərhələsinin son turunda səfərdə “Roma” ilə qarşılaşacaq Ağdam təmsilçisinin çalışdırıcısı oyundan öncə baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Çempionlar Liqasında italyan məşqçilik məkbətinin iki dahisi ilə qarşılaşdız: Antonio Konte və Eysebio Di Françesko. Hansı sizə daha xoş təsir bağışladı?
- Hər ikisi haqqında ancaq xoş sözlər deyə bilərəm. İtaliya məşqçilik məktəbi ən güclülərdəndi. Hər ikisi fərqli üslublara üstünlük verirlər. Hərənin öz çətinlikləri və oyun sisteminin gözəllikləri var. Hər ikisi futbol üçün ayrı məktəblərdi. Konte ayrı, Di Françesko tam fərqli. “Çelsi”yə qarşı oynamaq necə çətindisə, “Roma”da elədi. “Çelsi”yə iki oyuna 6 qol vurublar. Bu, böyük göstəricidi.
- Sabahkı oyun formal xarakter daşıyır. “Qarabağ” meydana nə üçün çıxacaq?
- Bizim üçün son böyük oyundu. Ümumiyyətlə, futbolumuz üçün böyük təcrübədi. Nə qədər belə turnirlərdə çox iştirak etsək, futbolçularda inam da artacaq. Komanda daha yaxşı oyun göstərməyə çalışacaq. Buna da məcburuq. Böyük şansımız var ki, öz potensialımızı tam göstərək. Çünki təzyiq altında deyilik. Sona kimi mübarizə aparmağa və özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq.
- Böyük oyuna ciddi itkilərlə çıxacaqsız. Boşluqları necə doldurmağı planlaşdırırsız?
- Belə bir oyunda 3 əsas müdafiəçimizin olmaması böyük problemdi. Mövsümboyu heyətdə rotasiyalar edirik. Çalışırıq ki, hər bir futbolçumuzun oyun təcrübəsi olsun. Digər problemlərimiz də var. Pedro Enrike də oynamayacaq. Bütün futbolçularıma güvənirəm. Meydana kimin çıxmasından asılı olmayaraq, ən yaxşı oyunu göstərməyə çalışacaqlar.
- Beş turdan sonra aktivinizdə iki xal var. Sizin əvvəldən planlarınız necə idi? Daha çox xal ola bilərdimi, yoxsa mümkün olan budu?
- Real yanaşmaq lazımdı. Biz bu qrupa düşəndə hamının fikri o idi ki, xal toplaya bilməyəcəyik. İlk böyük məğlubiyyətdən sonra futbolçular daha uğurlu oynamağa başladılar. “Atletiko”dan 2 xal ala bildik. Bir xal da qazanırıqsa, bu, bizim qazancımızdı. 2 xal yaxşıdı, daha çox olsa, lap yaxşı. “Böyük beşlik” ölkələrinin komandalarının Bakıya gəlməsinin özü böyük uğurdu. Həm “Qarabağ”, həm də Azərbaycan futbolu, azarkeşklərimiz böyük təcrübə qazandı. Böyük futbolun, böyük futbolçuların nə olduğunu gördülər. Bəzi problemlərimiz olmasaydı, daha yaxşı nəticə qazana bilərdik.
- “Roma” ilə ilk oyunda qələbə də qazana bilərdiz. Rəqibin baş məşqçisi demişdi ki, həmin matçdan sonra bizdə inam artdı. Bəs həmin oyundan sonra “Qarabağ”da nələr dəyişib?
- Bu komandanı daha yaxından tanıdıq. Uduzsaq da, matçın əksər hissəsini yüksək səviyyədə keçirdik. Komanda özünəinam qazandı. Bakıdakı ilk Çempionlar Liqası oyunu idi və həyəcan var idi. Artıq komanda həmin həyəcanı müəyyən qədər üstündən ata bilib. Belə oyunlardan sonra futbolçuların meydanda sərbəst olması vacibdi. Bunu artıq hiss edirəm. Xeyli inamlıdılar və özlərini daha sərbəst hiss edirlər.
- Artıq milli komandada vəzifənizin icrasına başlamısız. Toplanış üçün rəqib axtarışı başlanıbmı? Bir də köməkçiləriniz və aşağı yaş komandalarına baş məşqçilər müəyyənləşibmi?
- Burda milli komanda haqda çox danışmaq istəmirəm. Rəqib axtarışı gedir. Yanvarda ilk toplanış olacaq. Mütləq oynamaq istəyirik. Ölkədaxili yarışlarda fasilə yaranmasını gözləyirik. Hələ dəqiq heç nəyi bilmirik. Çox düşünmək lazımdı. İş gedir. Az da olsa, milliyə vaxt ayırıram.
- Futbol ictimaiyyətində belə fikirlər var ki, Avropa Liqasında böyük hədəflər uğrunda yarışmaq Çempionlar Liqasında uğursuz olmaqdan yaxşıdı. Sizin buna münasibətiniz necədi?
- Ümumən bizim qarşımıza qoyulan hədəf ölkə çempionatında qalib olmaqdı. Belə olanda Çempionlar liqasında yarışırıq. Hədəfimiz daha yuxarı yarışdı. Alınmasa, minimumu əldə etmək üçün çalışırıq. Məncə, hamı razı olar ki, indi Çempionlar Liqasında uğursuz olsaq da, gələcəkdə daha çox fayda görək. Avropa Liqasında isə əksinə ola bilər. Amma o turnir də çox yüksək səviyyədədi. Həmişə daha yuxarı səviyyəli yarışı düşünürük. Belə yanaşmamalıyıq ki, bu il Çempionlar Liqasında qrupa düşdük, artıq buna çalışmamalıyıq.