Cəzalı Rəşad Sadıqov və Pedro Enrikenin yoxluğunda Ağdam klubunun gücü xeyli dərəcədə zəifləsə də, beşqat ölkə çempionumuz “canavarlar”ı büdrətmək əzmindədi
Sabah Çempionlar Liqasında VI tura start veriləcək. Qrup mərhələsinin ilk günündə Azərbaycan çempionu “Qarabağ” da meydana çıxacaq. Ağdam təmsilçisi səfərdə “Roma” ilə görüşəcək. Bu qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün avrokubok mövsümünün son sınağı olacaq. Çünki bu matçın nəticəsi komandamızın mövqeyini dəyişməyəcək.
C qrupunda sonuncu yeri tutan “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsindəki debütünü İtaliya paytaxtında yekunlaşdıracaq. Bu oyun Qurbanovun yetirmələri üçün əhəmiyyət kəsb etməsə də, təmsilçimiz səfərdə sensasiyaya imza atmağa, apenninliləri büdrətməyə iddialıdı. Cəzalı Rəşad Sadıqov və Pedro Enrikenin yoxluğunda Ağdam klubunun gücü xeyli dərəcədə zəifləsə də, beşqat ölkə çempionumuz “canavarlar”ı büdrətmək əzmindədi.
Qarşılaşma “Qarabağ” üçün formal xarakter daşısa da, “Roma” üçün həlledicidi. Çünki 1/8 finala vəsiqə qazanmaq üçün italiyalılar mütləq qələbə qazanmalıdı. Çempionumuz xal əldə etsə, İspaniya “Atletiko”su üçün şans yaranacaq. Madrid klubu “Çelsi”ni səfərdə yenib, “Qarabağ”ın sensasiyasına ümid etməlidi. “Roma” isə xal itirsə, “Çelsi”nin qələbəsindən asılı vəziyyətə düşəcək. Bu üzdən də romalılar meydana yalnız 3 xal üçün çıxacaq.
Qeyd edək ki, “Qarabağ” “Roma” ilə Bakıda keçirilən II turda 1:2 hesabı ilə uduzmuşdu.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
C qrupu
5 dekabr
23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Tobias Stieler
Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Seydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu
Apasport.az