Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Ağacan Abiyevin 80 illik yubileyi qeyd olunub.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, deputatlar, idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Mərasim yubliyarın həyatına həsr olunmuş filmin nümayişi ilə başlayıb.
Tədbirin rəsmi hissəsini açıq elan edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış üçün sözü A.Rəhimova verib. Yubliyarı təbrik edən nazir onun xidmətlərini qeyd edərək, xoş arzularını çatdırıb.
Ə.Qarayev mədəniyyət və turizm ictimaiyyəti adından A.Abiyevi təbrik edərək onun zəngin ömür sürdüyünü qeyd edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov da çıxışında təbriklərə qoşularaq onun gənclər üçün nümunə, boks əfsanəsi olduğunu söyləyib.
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da çıxışı zamanı xoş sözlərini çatdırıb, onunla bağlı xatirələrini bölüşüb və yubliyarın rəssamlıq bacarığından danışıb. O, A.Abiyevin Rəssamlar İttifaqının fəxri üzvlüyünə qəbul olunduğunu elan edib.
Yubliyarın sələfi, ADBTİA-nın rektoru Fuad Hacıyev tədbirin məhz bu təhsil ocağında keçirilməsinin xüsusiliyini qeyd edib. O, A.Abiyevin böyül xidmətlərinin olduğunu vurğulayaraq təbriklərini çatdırıb.
Qeyd edək ki, A.Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində anadan olub, O, Milli Məclisin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvüdür. Yubilyar "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.