Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
"Ucnoqta.az" xəbər verir ki, ikinci oyun günündə "Kəpəz” "Sumqayıt”ı qəbul edib.
Gəncə şəhər stadionunda baş tutmuş qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 21-ci dəqiqədə Bəxtiyar Həsənalızadə açıb. 60-cı və 68-ci dəqiqələrdə isə Cavid İmamverdiyev "dubl" edərək, yekun nəticəni müəyyənləşdirib. Bununla da "Kəpəz" Yunis Hüseynovun baş məşqçi postuna gəlişindən sonra Premyer Liqada ardıcıl ikinci böyük hesablı məğlubiyyətlə üzləşib. Daha əvvəl gəncəlilər evdə "Qəbələ"yə uduzublar - 1:6. 14 oyundan 11 məğlubiyyəti olan "Kəpəz" qış fasiləsinə 7 xalla sonuncu pillədə yollanıb. "Sumqayıt" isə xallarını 20-yə çatdıraraq, 4-cü pillədə möhkəmlənib və 5-ci pillədəki "Neftçi"dən 4 xal aralanıb.
Bu kollektivlər arasında ilk dövrədə baş tutmuş qarşılaşmada da "Sumqayıt” qalib gəlmişdi - 2:1. Bugünkü nəticə "Kəpəz" üçün "Sumqayıt"la görüşlərdə ilk ev məğlubiyyəti kimi tarixə düşüb. Üstəlik, qonaqlar son 4 oyunda ilk dəfə səfərdə qol vurmağı bacarıb.
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ” "Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. XIV tura dekabrın 3-də keçiriləcək "Qəbələ” – "Keşlə" və "Səbail” – "Zirə” matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XIV tur
2 dekabr
14:00. "Kəpəz” – "Sumqayıt” - 0:3
Qollar: Bəxtiyar Həsənalızadə, 21. Cavid İmamverdiyev, 60.68
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu.