2018-ci il dünya çempionatının final mərhələsinin püşkatma mərasimi ərəfəsində Rusiyanın paytaxtı Moskvada XV “Futbol Market” beynəlxalq futbol sənayesi sərgisi keçirilir.
Ucnoqta.az "Report"a istinadən bildirir ki, noyabrın 30-dan başlanan sərgidə AFFA-nın yerli futbol infrastrukturuna həsr olunmuş guşəsi yerləşdirilib. Sərgidə iştirakda əsas məqsəd yerli futbol infrastrukturunun təqdimatı, xarici yığma komandaların və klubların Azərbaycanda təlim-məşq toplanışı keçirməyə cəlb edilməsidir. Guşədə AFFA Məşq Mərkəzi, Futbol Akademiyası, yeni reabilitasiya mərkəzi, Bayıl stadionu və Bakı Olimpiya Stadionu haqqında məlumat təqdim olunub.
AFFA-nın guşəsi xüsusən, Rusiya futbol klubları və Asiya ölkələrinin futbol federasiyalarının nümayəndələrinin marağına səbəb olub. Sərgiyə AFFA-nın İnfrastruktur və Marketinq şöbələrinin nümayəndələri qatılıb.
Bakıdakı futbol infrastukturları iqlim şərtlərinin və qiymətlərin digər ölkələrdən daha münasib olmasına görə təlim-məşq toplanışlarının keçirilməsi üçün cəlbedicidir. Son 1 ildə artıq Türkmənistan və Küveyt futbol federasiyaları Azərbaycan paytaxtında təlim-məşq toplanışları keçiblər.
Qeyd edək ki, artıq XV dəfə təşkil edilən “Futbol Market” beynəlxalq futbol sənayesi sərgisinin bu il üçün əsas mövzuları stadionların effektiv istifadəsi, futbol klublarının marketinq və menecmenti, texnologiya və innovasiyalardır. Sərgidə yerli idman qurumları və 30-dan çöx ölkədən nümayəndələr iştirak edir.