Emin Sabitoğlunun məzarı ziyarət olunub

17:40 - 1 Dekabr 2017 - Mədəniyyət

Fəxri xiyabanda xalq artisti Emin Sabitoğlunun məzarı ziyarət olunub.

Ucnoqta.az APA-ya istinadən bildirir ki, ziyarətdə mədəniyyət və incəsənət xadimləri, musiqiçilər, ictimaiyyət nümayəndələri iştirak edib. 
 
Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Emin Sabitoğlunun müasir  Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıb. Bəstəkarı dillər əzbəri olan mahnıların, musiqi xəzinəsini zənginləşdirən simfonik əsərlərin müəllifi kimi dəyərləndirən Firəngiz Əlizadə bildirib ki, Emin Sabitoğlu yaradıcılığa başlayandan az sonra böyük populyarlıq qazanıb: “Onun mahnılarını biz hər yerdə eşidirik. Emin Sabitoğlu eyni zamanda gözəl filmlərə, teatr tamaşalarına musiqilər yazıb. Onun əsərləri hər zaman insanlar tərəfindən böyük zövqlə, sevgi ilə dinlənilib, qəbul edilib. Azərbaycanın musiqi mədəniyyətində Emin Sabitoğlunun özünəməxsus yeri, imzası var”. 
 
Bəstəkarın qızı, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova 80 illik yubileyi çərçivəsində Emin Sabitoğlunun yaradıcılığına həsr olunan silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Atası haqqında xatirələrini bölüşən C. Mahmudova bəstəkarın xatirəsinə göstərdiyi diqqətə görə Azərbaycan dövlətinə və Bəstəkarlar İttifaqında təşəkkürünü bildirib. 
 
Qeyd edək ki, Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakıda yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib. Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib.


Xəbər xətti