Teleradio Şurası müğənni Röyanın müraciətini heçə saydı

14:07 - 1 Dekabr 2017 - Mədəniyyət

Əməkdar artist Röya Ayxanın sosial şəbəkədə paylaşdığı müraciət videosu geniş müzakirələrə səbəb olub. 

Röya Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə müraciət etməklə yanaşı, radio işçilərini sərt şəkildə tənqid edib. 

“Biabırçılıqdı. Maşındayam, 5 radio çevirmişəm, hamısında türk mahnıları oxunur. Adam sizin üçün mahnı oxuyub, vermək istəmirlər. Siz özünüz özünüzü tanımırsınız, başqaları sizi necə tanıyacaq. Qınından çıxıb qınını bəyənməyənlər, sizə uğurlar olsun. Radioalara aiddir”.
 
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov məsələ ilə bağlı Modern.az-a deyib ki, Azərbaycan musiqilərinə yer verən kifayət qədər yerli radio var:
“Respublika və İctimai radiolarda ,106.3 FM, “Xəzər” FM-də milli musiqilərə üstünlük verilir. Həm də hər kəsin musiqi zövqü fərqlidir. Bu radiolara da aiddir. Musiqinin dini, dili, sərhəddi yoxdur. Hər kəs öz radiosunda istədiyi musiqini səsləndirməkdə sərbəstdir. Bunun üçün kiməsə göstəriş vermək də doğru olmaz”.

T.Dadaşov təmsil etdiyi qurumun yalnız tövsiyə  verə biləcəyini vurğulayıb:

“Biz yalnız tövsiyə edə bilərik ki, milli, bəstəkar, xalq mahnılarına daha çox üstünlük verilsin. Xarici ölkədir, xarici müğənnidir, bunun musiqisini səsləndirməyin demək düzgün deyil. Amma əlbəttə ki, bizə qarşı düşmənçilik edən dövlətin, xalqın musiqisini təbliğ etmək olmaz. Artıq bu, milli heysiyyat məsələsidir. Vaxtilə bununla bağlı radiolardan birinə ciddi iradımız olmuşdu. Artıq o radio yayımlanmır”.

Xəbər xətti