Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv “ƏSA” teatrı dekabrın 19-da Opera və Balet Teatrında yeni tamaşasını nümayiş etdirəcək.
Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə teatrın baş meneceri Nicat Qulam məlumat verib.
Onun sözlərinə görə, Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan tamaşa teatrın birillik fəaliyyətində üçüncü olacaq.
Tamaşada teatrın on aktyoru çıxış edəcək. Əsas rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Orxan Adıgözəl, Riyad Sultanov, Səmayə Ağayarova, İmran İqbalıyev, Günay Məmmədova və Fərid Əliyev oynayacaqlar. Konsertmeyster isə Fidan Babayevadır. Layihədə multimedia işlərini Eltac Zeynalov həyata keçirəcək.
ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadədir.
Xatırladaq ki, “ƏSA” teatrının bundan əvvəl hazırladığı iki tamaşa çoxlu sayda tamaşaçı sevgisi qazanıb.