“Neftçi” klubu oyun alqı-satqısında adının hallanması ilə bağlı bəyanat yayıb.
Ucnoqta.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda "Neftçi”nin adının ləkələnməsinə yönələn bu xəbərlərin qətiyyətlə pislənildiyi bildirilir:
"Son günlər Kütləvi İnformasiya Vasitələrində klubumuzun ictimai nüfuzuna xələl gətirən vəheç bir həqiqətə uyğun olmayan məlumatlar yayılır. Komandamızın oyununun və nəticələrinin yaxşılaşdığı bir vaxtda bu cür qərəzli xəbərlərlə "Neftçi"nin gündəmə gətirilməsi bizi növbəti dəfə mövqeyimizi ortaya qoymaga məcbur etdi. "Neftçi" həm klub daxilində, həm də azarkeşlərlə münasibətlərdə son illərin ən yaxşı dövrünü yaşayır - əsl komanda olaraq birləşib, bütövləşib vahid məqsəd uğrunda mübarizə aparır. İstər klub rəhbərliyi və baş məşqçi, istərsə də futbolçular arasında birlik yaranıb. Belə bir məqamda klubdaxili atmosferi pozmağa və "Neftçi”nin adının ləkələnməsinə yönələn bu xəbərləri qətiyyətlə pisləyirik.
"Neftçi" PFK rəsmən bəyan edir ki, futbolumuzda çirkin oyunlarla məşğul olan hər bir kəsin layiqli cəzasını almasının tərəfdarıdır və bu yöndə hüquq-mühafizə orqanlarının apardıgı işləri dəstəkləyirik. Bildiririk ki, "Neftçi"nin adını çirkin oyunlarda hallandıranlara qarşı ölkə qanunvericiliyinə uyğun şəkildə hərəkət ediləcək. KİV-dən bu məsələlərdə xüsusən diqqətli olmağı və ölkəmizin ən köklü futbol klubunun adına hörmətlə yanaşmağı xahiş edirik. Dəyərli azarkeşlərimizə isə uğurlarımıza kölgə salmaq istəyən qüvvələrin yaydığı əsassız məlumatlara inanmamağı tövsiyə edirik.