Görkəmli rəqs ustası Xumar Zülfiqarovanın 90 illik yubileyi qeyd edilib

22:40 - 29 Noyabr 2017 - Mədəniyyət

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Xalq Artisti, görkəmli incəsənət xadimi, rəqqasə, baletmeyster, “Şöhrət” ordenli Xumar Zülfüqarovanın 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.
 

Ucnoqta.az Akademiyadan AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki tədbirdə X.Zülfüqarova ilə uzun illər çiyin-çiyinə çalışmış sənət yoldaşları, xalqımızın tanınmış simaları, xalq artistləri, sənətkarın tələbələri, ailə üzvləri, müəllim və tələbələr iştirak ediblər.

BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sonaxanım İbrahimova Azərbaycanda xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi, bu sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2014-cü ildə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında Sərəncam imzaladığını vurğulayıb. X.Zülfüqarovanın bu təhsil ocağında gərgin pedaqoji fəaliyyətindən danışan prorektor deyib ki, Azərbaycan səhnəsinin parlaq ulduzlarından bir çoxu, əməkdar və xalq artistləri Xumar xanımın yetirmələridir.

S.İbrahimova görkəmli incəsənət xadimi X. Zülfüqarovanı Azərbaycan balet və xoreoqrafiya sənətinin gözəllik simvolu adlandırıb, bu tədbirin Xumar xanımın unudulmaz xatirəsinə, onun ailəsinə, birgə çalışdığı həmkarlarına, tələbələrinə, davamçılarına həsr olunduğunu söyləyib.

Akademiyanın milli rəqs kafedrasının müdiri, əməkdar artist Sənan Hüseynli X.Zülfüqarovanın keçdiyi gərgin və zəngin həyat yolu haqqında məruzə ilə çıxış edib. Məruzəçi tanınmış və nadir simalardan olan Xumar xanımın quruluş verdiyi rəqs nümunələrini, ifa etdiyi rolları sadalayıb, sənətkarın əməyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

BXA-nın beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq Artisti, X.Zülfüqarovanın tələbəsi olmuş Təranə Muradova müəllimi ilə bağlı xoş xatirələrini bölüşüb.

Milli rəqs kafedrasının müəllimi, Əməkdar Artist Tamilla Məmmədova Xumar xanımın keçdiyi şərəfli ömür yolundan danışıb, onun dahi Üzeyir Hacıbəylinin “Koroglu” operası əsasında rəqs qurmasından, Qara Qarayevin “Yeddi gözəl” baletində, “Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarında rəqqasə kimi məharətli çıxışlarından söz açıb. Həmin kafedranın baş müəllimi, Xalq Artisti Yusif Qasımov Xumar xanımla bağlı unudulmaz xatirələrini bölüşüb, onunla birgə Rusiya, İraq, ABŞ, Kanadanın müxtəlif şəhərlərinə qastrol səfərlərini xatırlayıb. Unudulmaz rəqqasə və baletmeysterin muğam üstündə rəqsləri məharətlə qurduğu xüsusi qeyd edilib.

Görkəmli sənətkarın səhnə həyatını, fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət slayd nümayiş olunub.

X.Zülfüqarovanın sənət yoldaşları konsertmeysterlər Şəlalə Səfiyeva və Pərvin Bayramova, Xalq Artisti Roza Cəlilova illər boyu çiyin-çiyinə çalışdıqları əvəzolunmaz sənətkarla bağlı xatirələrindən söz açıblar.

BXA-nın kollec pilləsinin ikinci kurs tələbələri Sabrina Cavadzadə “Ürkək gözlü” rəqsini, Lalə Aslanova R.Cəlilovanın quruluş verdiyi “Lirik rəqs”i ifa ediblər.

Sonda X.Zülfüqarovanın nəvəsi Eldar Zülfüqarov tədbirin təşkilatçılarına və iştirakçılarına, nənəsi haqqında xoş xatirələrini bölüşən incəsənət xadimlərinə, sənətkarın unudulmaz xatirəsinin işığına toplaşanlara ailəsi adından dərin təşəkkürünü bildirib.

Xəbər xətti