Qadın güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaq

11:30 - 29 Noyabr 2017 - İDMAN

1-2 dekabr 2017-ci il tarixdə Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək.
 

Ucnoqta.az Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata istinadən bildirir ki, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Monqolustan, Ukrayna, Çin, İsveç və Yaponiya güləşçiləri iştirak edəcəklər.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Çin, Ukrayna və Monqolustan komandaları ilə B qrupunda mübarizə aparacaqlar. A qrupunda isə, Rusiya, ABŞ, Yaponiya və İsveç komandaları qüvvələrini sınayacaqlar.

Yarışda yığma komandanın böyük məşqçisi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 7 güləşçimiz iştirak edəcək. Heyətdə Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıb.

Yarışın proqramına əsasən, dekabrın 1-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.

Xəbər xətti