Noyabrın 30-da Bakıda görkəmli televiziya rejissoru Əmirhüseyn Məcidovun 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək.
Dövlət Film Fondunda təşkil olunacaq tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə reallaşacaq.
Bu barədə Ucnoqta.az AZƏRTAC-a Dövlət Film Fondundan daxil olan məlumata istinadən bildirir. Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi tədbirdə sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi açılacaq, milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq.
Azərbaycan Televiziyasının sayılıb-seçilən istedadlı rejissorlarından hesab edilən Ə.Məcidov özünəməxsus yaradıcılıq manerası, öz üslubu olan ustad sənətkarlardan olub. 1937-ci il noyabrın 30-da Xızı rayonunun Tudar kəndində dünyaya göz açan rejissor 1967-ci ildən ömrünü televiziyaya bağlayıb. Sənətkar, “Evrika”, “Sağlamlıq”, “Odlar diyarı”, “Şimşək”, “Səadət qadınlar klubu”, “Kitab köşkü”, “Yazıçılarımızın yaradıcılığından səhifələr”, “Səhər görüşləri” kimi verilişlərin rejissoru olub. Onun hazırladığı “Klassik irsimizdən” silsilə verilişləri televiziya ekranında ədəbi kökümüzə qayıdışı əks etdirirdi.
Azərbaycan Televiziyasında onlarla verilişə quruluş verən Ə. Məcidovun ən böyük uğuru 1981-ci ildə ekranlara çıxan “Ozan” folklor toplusu ilə bağlıdır. 10 il tamaşaçıların ən sevimli verilişlərindən birinə çevrilən “Ozan” folklor toplusu Azərbaycan Televiziyası tarixində yeni bir səhifə açaraq, təzə bədii-estetik telemühit yaratdı. Milli dəyərlərimizi, aşıq-ozan sənətimizi, adət-ənənəmizi ekranda canlandıran həmin veriliş tamaşaçılar tərəfindən çox maraqla qarşılanırdı.
Ə.Məcidov “Tikanlı məftillər”, “Zümrüd quşu”, “Kimin sualı var?”, “Polkovnik Şaber” kimi teletamaşaların rejissoru kimi da tanınır.
Beş kitab müəllifi olan sənətkarın pyesləri respublikamızın müxtəlif teatrlarında tamaşaya qoyulub. O, 2006-cı ilin martın 25-də vəfat edib.