DÇ-2018-də baş hakim oyunu yarımçıq dayandıra və təxirə sala biləcək

15:31 - 27 Noyabr 2017 - İDMAN

Futbol üzrə 2018-ci il dünya çempionatı zamanı baş hakim iqrçi və digər yolverilməz davranışlar səbəbi ilə oyunu yarımçıq saxlaya, habelə təxirə sala biləcək.


“Report” mundialın Təşkilat Komitəsinə istinadən xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino bildirib.
Onun sözlərinə görə, dünya çempionatları tarixində ilk dəfə referiyə belə səlahiyyət veriləcək. İnfantino bildirib ki, ayrıseçkiliyə qarşı üçpilləli mübarizə proseduru tətbiq ediləcək: “Əlbəttə, dünya çempionatının “fair-play” ruhunda, düzgün oyun prinsipləri əsasında keçəcəyini gözləyirik. Əminik ki, irqi ayrıseçkiliklə bağlı hər hansı insident baş verməyəcək. Baş versə belə, dünya çempionatlarının tarixində ilk dəfə irqi ayrıseçkiliyə qarşı üçpilləli mübarizə proseduru tətbiq ediləcək. Baş hakim irqçi və ya digər yolverilməz davranışlar təqdirində matçı dayandıra, həmçinin, təxirə sala biləcək”.
Qeyd edək ki, 2018-ci il dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyada keçiriləcək.

Xəbər xətti