Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi”nin açılışı olub

14:09 - 27 Noyabr 2017 - Mədəniyyət

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində (SDU) “Azərbaycan mədəniyyəti həftəsi”nin açılış mərasimi olub.
 

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Səmərqənd Vilayət Hakimiyyətinin nümayəndələri, SDU-nin professor-müəllim heyəti, tələbələri, vilayətdəki Azərbaycan Mədəni Mərkəzinin rəhbərləri, diasporumuzun üzvləri iştirak ediblər.

SDU-nin prorektoru Muxtar Nəsirov Özbəkistanla Azərbaycan arasında mövcud olan tarixi dostluq ənənələrindən danışıb, eyni soykökə, ortaq dil, din, adət-ənənəyə malik olduğumuzu diqqətə çatdırıb O, Özbəkistanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini və AMM-in təşəbbüsü ilə qədim Səmərqənddə keçirilən “Azərbaycan mədəniyyəti həftəsi”nin maraqla qarşılandığını vurğulayıb.

AMM-in direktoru Samir Abbasov hər il Daşkəndlə yanaşı, Özbəkistanın regionlarında da Azərbaycan mədəniyyətinə dair çoxsaylı tədbirlərin keçirildiyini qeyd edib. O, həftə çərçivəsində “Azərbaycan - Qafqazın mirvarisi” adlı fotosərginin, SDU-da iki xalq arasında mədəni-ədəbi əlaqələrə dair konfransın, kitabın, həmçinin Azərbaycanın Qarabağ geyimlərinin dəb sərgisinin, habelə AMM-in layihəsi ilə 2017-ci ildə hazırlanan və iki xalq arasında dostluğu özündə əks etdirən “Əzəli dostluq riştələri” adlı sənədli filmin təqdimatının nəzərdə tutulduğunu qeyd edib.

Çıxış edən digər natiqlər Səmərqənddə Teymurilər dövrünə aid abidələrin tikintisində Azərbaycan memarlarının da böyük xidmətlərinin olduğunu deyib, ötən əsrin əvvəllərində Orta Asiya və özbək xalqlarının maariflənməsində azərbaycanlı ziyalıların rolundan danışıblar.

Sonra SDU-da Özbəkistanda tanınmış azərbaycanlı maarifçi, pedaqoq, naşir Seyid Rza Əlizadə adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin açılışı olub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə yaradılmış mərkəzdə fəaliyyət göstərəcək kiçik kitabxanada ölkəmizin tarixi, dövlətçilik ənənələri, mədəniyyəti, ədəbiyyatı, ulu öndər Heydər Əliyevin irsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar, xəritələr, videomateriallar, habelə Azərbaycanın çoxsaylı bədii filmləri tələbələrin istifadəsinə verilib.

Qonaqlara məlumat verilib ki, mərkəzdə Azərbaycanın tanınmış şair və yazıçılarının, dünya şöhrətli musiqiçilərinin portretləri, habelə Özbəkistanda yaşayıb yaratmış tanınmış azərbaycanlılar, onların yaradıcılığı haqqında ayrıca guşə təşkil edilib. Azərbaycan mədəniyyətinə, ədəbiyyatına dair xüsusi bölmədə isə milli mədəniyyətimizlə bağlı suvenirlər, tarixi abidələrin maketləri, xalçalarımız, milli musiqi alətlərimiz nümayiş etdirilir.

Seyid Rza Əlizadənin nəvəsi, tanınmış alim Fərhad Əlizadə mədəniyyətimizə, ədəbiyyatımıza dair zəngin məlumatları özündə əks etdirən mərkəzin onun babasının adını daşımasından qürur hissi duyduğunu bildirib. O, xarici ölkələrdə yaşayan tanınmış soydaşlarımızın irsinin təbliğinə görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Bu hadisənin digər soydaşlarımız üçün də bir stimul olacağını qeyd edən alim AMM-in fəaliyyətinə uğurlar arzulayıb.

Qeyd edək ki, mərkəzdə sənədli və bədii filmlər nümayiş olunacaq, görüşlər, ədəbiyyat gecələri, hər iki ölkənin elm, mədəniyyət, təhsil sahələrinə dair tədbirlər keçiriləcək. Bununla əlaqədar, mərkəzə ölkəmizə dair çoxsaylı kitablar, sənədli və bədii filmlər, əyani vəsaitlər hədiyyə edilib.


Xəbər xətti