Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün ən erkən qolu qeydə alınıb.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XIII turun Gəncədə keçirilən “Kəpəz” – “Qəbələ” matçında qonaqlar 1-ci dəqiqədə hesabı açıb. “Qırmızı-qaralar”ın futbolçusu Baqali Dabo cari mövsüm ilk dəqiqədə fərqlənən yeganə oyunçudur.
Qarşılaşmanın 26-cı saniyədə “Kəpəz”i məyus edən hücumçu Milan Durç (“Zirə”) və Mirabdulla Abbasovun (“Neftçi”) rekordunu arxada qoyub. Bu futbolçular 3-cü dəqiqədə qol sevinci yaşamışdı.
Milan I turda “Səbail”in, Mirabdulla X turda “Sumqayıt”ın qapısına erkən qol vurmuşdu. Dabo həm də ardıcıl 3-cü oyunda qol vurmaqla rekord müəllifi olub. XI turda “Səbail”ə 2, ötən tur “Neftçi”yə 1 qol vuran hücumçu cari mövsüm ardıcıl 3 turda fərqlənən ilk oyunçudur.