AFFA-dan geri addım: komitələr ləğv edilir

17:10 - 18 Noyabr 2017 - İDMAN

3 illik fəaliyyət fayda vermədi. Bu layihələrin lazımsızlığı dəqiqləşdi və AFFA geri addım atmağa məcbur oldu.
 
Əslində, mətbuat hələ o zaman belə komitələrə ehtiyac olmadığını yazırdı.
 
AFFA İcraiyyə Komitəsinin bu il üçün gözlənilən son iclasında bəzi mühüm qərarlar veriləcək. Onlardan ən önəmlisi isə 2 komitənin ləğvi ilə bağlı olmalıdı. Ciddi mənbələrdən əldə etdiyimiz bilgiyə görə, Məşqçilər Komitəsi və Klublar Komitəsinin işinə xitam veriləcək. Bu haqda futbol camiəsində də müzakirələr intensivləşib.
 
“Sumqayıt”ın prezidenti Kamran Quliyevi tapmaq mümkün deyil. Həm də Klublar Komitəsinin sədri olan bu şəxs zənglərə cavab vermir, klubun mətbuat xidməti isə komitəylə bağlı məsələni cavablandırmır. AFFA-nın mətbuat katibi Firuz Abdulla da israrla komitənin nə vaxt yığılacağıyla bağlı suala yalnız Quliyevin cavab verə biləcəyini deyir.
 
Kamran bəy qaçır, gizlənir, gözə görünmür. Aylardı bir araya gəlməyən komitənin fəaliyyətsizliyi ilə bağlı bilgi almaq üçünsə başqa mənbəmiz yoxdu. Elə bu mətbautdanqaçma faktı da komitələrin ləğvi ilə bağlı xəbərlərin həqiqət olduğunu göstərir.
 
2014-cü il dekabrın 3-də yaradılan digər komitənin ləğvinin də səbəbi sadədi. Bu qurum da ölkə futbolunda heç nəyə faydalı olmadı. Yığma və klublarla xarici səfərlərə getməklə kifayətlənən komitə üzvləri yalnız tövsiyə verməklə məşğuldu.
 
Proseslərdə ciddi rolu olmayan Məşqçilər Komitəsi bundan sonra milli komandaların da işinə qarışa bilməyəcək. Əvvəllər yığmalara məşqçi tövsiyə etmək kimi səlahiyyəti olan qurum Qurban Qurbanovun bütün yığmalara nəzarəti ələ keçirməsindən sonra ofsayda düşüb. Üstəlik, qurumun məsləhət bildiyi bütün məşqçilər də fiaskoya uğrayıb.
 
Sadalananlar da göstərir ki, hər iki komitənin ləğvi labüddü və İcraiyyə Komitəsinin iclasında yekun qərar veriləcək. Media Komitəsi ilə bağlı isə tərəddüdlər var. Bu qurumu yenidən formalaşdırmaq istəyən AFFA tənqidlərdən qaçmaq üçün bəzi mətbuat orqanları ilə danışıq aparır, nüfuzdan düşmüş MK-ya sanbal qazandırmağa çalışır. Aparıcı jurnalistlərin bu qurumdan, onun idarə heyətindən ya kənar qalması, ya da zamanla uzaqlaşması komitənin imicinə zərbə vurub. Hazirda statist rolu oynayan, mənasız layihələrə məhdud maliyyə ayırmaqla kifayətlənən qurumun perspektivi görünmür. Bu üzdən ya komitənin fərqli formatda saxlanılması, ya da növbəti konfransda ləğvi gündəmdədi.

Xəbər xətti