Şəhriyar Məmmədyarov: "Avropanın ən güclüsü olmağa layiqik və ağıllı xalq bizik"

13:55 - 7 Noyabr 2017 - İDMAN

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3 qat Avropa çempionluğu əldə etdikdən sonra Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin suallarını cavablandırıb.
 

 - 3-cü dəfə Avropanın ən güclüsü olmaq necə hissdir?
- Şahmat aləmi yaxşı bilir ki, Avropa çempionu olmaq olimpiya çempionu olmaqdan daha çətindir. Çünki yüksək səviyyəli komandalar bir-biri ilə tez-tez görüşürlər. Biz turnirdə Rusiya, Ukrayna, Macarıstan və Ermənistanla məcburiyyətdən oynadıq. Bununla da biz sübut etdik ki, Avropanın ən güclüsü olmağa layiqik və ağıllı xalq bizik. Mən çox şadam ki, biz üçüncü dəfə Avropa çempionu olduq. Bu, inanılmaz bir şeydir, inanılmaz uğur deməkdir. Ruslar bu nəticəni 20 il ərzində göstərə bilməyiblər. Heç bir ölkə bu nəticəni göstərə bilməyib. Çox sevinirəm ki, bizdə alındı. İtaliyaya məğlub olanda, İspaniya ilə heç-heçə edəndə hər kəs düşünürdü ki, Azərbaycanın şansı yoxdur. 5 ardıcıl qələbədən sonra, biz birinci yer uğrunda mübarizəyə qoşulduq və qalib gəldik.
 

- Yeni ailə qurmağının şahmat oynamağına təsiri nə qədər oldu?
- Tanışlıqdan və ailə qurmaq yoluna gedəndən bəri uğurlar çox oldu. Çox şadam ki, bu il hər bir şey başıma gəlib. Bu turnir ən vacib turnirdir. Bundan sonra iki turnir də oynayacağam. İli çox gözəl notlarla başa vurmaq istəyirəm. Ailə qurmaq çox gözəl hissdir. Subaylara qismət olsun.
 

- Azərbaycan tarixində ilk dəfə FİDE reytinqində sən ikinci pilləyədək yüksəldin. Qarşıda hansı məqsədlər var?
- Dostumuz Rauf Məmmədov mənə "Sən birincisən" dedi. Amma burada bir insan var: Maqnus Karlsen. O dünyanın bir nömrəli şahmatçısıdır. İnanılmaz dərəcədə güclü və çətin rəqibdir. Ona qalib gəlmək çox çətin olur. Dünyada ikinci olmaq çoxları üçün birinci olmağa bərabərdir. O biri rəqiblərlə hamımız mübarizə aparırıq. Hər bir şahmatçının güclü olduğu vaxt olur. Dünyanın bir nömrəsi Karlseni də məğlub etmək mümkündür. Onun yollarını araşdırırıq. Hələ zaman var. Fikirləşmirəm ki, mənim yaşım çoxdur və mübarizəni dayandırım. Mübarizəyə qoşulacağıq. İkinci yerdən yaxşı bir yer var o da birinci yerdir. Birinci yer uğrunda mübarizə aparacağam.

Xəbər xətti