"Açığı, emosiyalar 2009-cu ildəki kimi deyil. Çünki həmin vaxt ilk dəfə çempion olmuşduq və mərhum Vüqar Həşimov da bizimlə idi. İndiyədək o hisslərlə yaşayıram. Bu dəfə isə başlanğıcımız elə oldu ki, İtaliyaya uduzduq, üçüncü turda İspaniya ilə heç-heçə etdik. Amma sonluq yaxşı alındı və 3 qat Avropa çempionu olduq".
"Report"un məlumatına görə, bunu Azərbaycan şahmatçısı Rauf Məmmədov Yunanıstanın Krit adasında 3 qat Avropa çempionu olduqdan sonra Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın suallarını cavablandırarkən deyib. 29 yaşlı zəka ustası bildirib ki, 2016-cı ildə Bakıda keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında istənilən səviyyədə çıxış edə bilmədikdən sonra bu çempionluq çox önəmlidir: "Əlbəttə, sevinirik. Bu dəfə qızıl medal qazanmaqla yenidən göstərdik ki, Azərbaycan çox güclü şahmat ölkəsidir".
Məmmədovun fikrincə, Azərbaycan yığmasının çempionluq yolu Ermənistan üzərində VI turda qazandıqları qələbədən sonra açılıb: "Daha çox Ermənistan üzərində qələbəyə sevindik. Məhz o qələbədən sonra çempionluq yolumuz açıldı. Hamımız çalışdıq ki, üçüncü dəfə qitə çempionu olaq. VIII turda Rusiyanı demək olar ki, darmadağın etdik və o görüşün nəticəsi çempionluğa bərabər oldu. Həmin görüşə gün ərzində hazırlaşmaq və necə oynamaq çox önəmli idi".
Yarışda ən çox qələbə qazanan şahmatçı kimi də qızıl medal qazanmış təcrübəli şahmatçı həm də ilk dəfə 2700 reytinq balı yığmağa müvəffəq olub. Məmmədov öz oyununu belə dəyərləndirib: "İstəyirdim ki, 9 oyunun hamısında Azərbaycanı layiqincə təmsil edim. 3-4 görüşüm 6 saatadək davam etdi. Şəxsi turnirlərdə oynamaq bir az rahatdır. Lakin yığmada çıxış etdikdə sonadək oynamaq lazımdır".
Azərbaycan yığmasının üzvü qələbədə məşqçilərin də əməyini vurğulayıb: "Burada mənə kapitanımız Eltac Səfərli və 2013-cü ildə ikinci dəfə Avropa çempionluğu qazandığımız vaxt kapitanımız olmuş Aleksandr Xalifman kömək edirdi. Səfərli həm komandamızın ürəyi, həm beyni, həm də ilham mənbəyi idi".