Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı noyabrın 3-dək Hacıqabul, Sabirabad, İmişli, Saatlı və Şirvan rayonlarında “Günahsız günahkarlar” tamaşasını nümayiş etdirəcək. Səfər çərçivəsində ilk tamaşa Hacıqabul rayon Mədəniyyət Mərkəzində təqdim olunub.
Arzu Soltanın qələmə aldığı müasir dövrün qlobal problemlərindən olan insan alverinə qarşı mübarizədə maarifləndirmə məqsədi daşıyan tamaşa indiyə qədər paytaxtda müxtəlif auditoriyalarda nümayiş edilib.
Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər?
Fərqli rejissor həlli ilə “Günahsiz günahkarlar” bütün bu suallara cavab verir.
Tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rəqslərin quruluşçusu Könül Şahbazovadır. Rolları Bakı Uşaq Teatrının aktyorları ifa edirlər.