Pedro Enrike: “Qırmızı vərəqəlik hərəkət deyildi”

13:42 - 1 Noyabr 2017 - İDMAN

“Ağır həftə keçirmişəm. Oynaya bilmirdim. Zədədən yenicə qayıtmışdım”. Bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike deyib. Braziliyalı futbolçu Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə səfərdə keçirdikləri oyunla bağlı ölkəsinin esporteinterativo.com.br nəşrinə açıqlama verib. 27 yaşlı hücumameylli futbolçu 1:1 hesablı heç-heçəni qələbəyə bərabər sayır: “Çox çətin olsa da, möhtəşəm nəticəyə imza atdıq. Biz, demək olar ki, qalibik. Buna görə çox xoşbəxtəm. Komanda yoldaşlarım adından sevincliyəm. Ancaq futbolda belə nəticələrin qeydə alınması normaldı”.

 
Qarşılaşmanın 59-cu dəqiqəsində top uğrunda mübarizə zamanı madridlilərin müdafiəçisi Dieqo Qodinin sifətinə təpiklə vurduğu üçün meydandan qovulan Pedro bunun qırmızı vərəqəyə layiq hərəkət olmadığını düşünür. O, həmin vəziyyətdə baş hakim Dəniz Aytəkinin sərt addım atdığı qənaətindədi: “Qırmızı vərəqəyə görə çox kədərlənirəm. Hesab edirəm ki, həmin epizodda hakimin qərarı sərt idi. Hakim qərarları barədə danışmaqdan xoşum gəlmir. Hər kəsin səhv etmək hüququ var. O epizodda birbaşa qırmızı vərəqəyə layiq hərəkət etdiyimi düşünmürəm”.
 
Qeyd edək ki, “Vanda Metropolitano” stadionunda keçirilən “Atletiko” – “Qarabağ” görüşü 1:1 hesabı ilə nəticələnib.Apasport

Xəbər xətti