Dieqo Qodin: “Qarabağ”la oyuna yalnız 3 xal üçün çıxacağıq”

14:41 - 27 Oktyabr 2017 - İDMAN

“Son vaxtlar nəticələrimiz heç də gözlənildiyi kimi deyil. Xüsusən, Çempionlar Liqasında özümüzə bənzəmirik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Atletiko”nun futbolçusu Dieqo Qodin deyib.
La Liqanın X turu çərçivəsində oktyabrın 28-də öz meydanında “Vilyarreal”la qarşılaşacaq Madrid təmsilçisi 3 gün sonra Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edəcək.
Bu görüşlərdən öncə AS nəşrinə danışan Qodin maraqlı fikirlər səsləndirib. Uruqvaylı mərkəz müdafiəçisi əvvəlcə “Atletiko”nun hazırkı vəziyyətini dəyərləndirib: “Komandada balans olmalıdı. Hazırda “Atletiko”da çatışmayan budu. Bizə böyük ümidlərin bəsləndiyini bilirik. Etimadı doğruldacağımıza ümid edirəm. Biz də oynadığımız bütün turnirlərdə çempion olmaq istəyirik. Amma bu faktdı ki, çatışmayan cəhətlərimiz var”.
31 yaşlı futbolçu söhbət əsnasında Çempionlar Liqasının cari mövsümündə “Roma” (0:0) və “Qarabağ”la (0:0) keçirdikləri oyunları xatırlayıb. O, hər iki qarşılaşmada qələbə şansını əldən buraxdıqlarını deyib: “Roma”ya 5 qol vura bilərdik. Əgər qol imkanlarından lazımınca yararlansaydıq, indi başqa şey haqda danışırdıq. Bu, “Qarabağ”la matça da aiddi. Dediyim sözləri “Elçe” ilə kubok görüşünə də şamil etmək olar. Bunlar kiçik detallardı”.
Uruqvay yığmasının üzvü son vaxtlar çox tənqid olunmaqlarına da toxunub. O, vəziyyəti dəyişmək baxımından “Qarabağ”la matç da daxil olmaqla, qarşıdakı görüşlərə yalnız qələbə üçün çıxacaqlarını bildirib: “Mətbuat hazırkı vəziyyətimizi faciəvi adlandırır. Fərqli nəticələr olsaydı, indi bizim haqda müsbət fikirlər səsləndirirdilər. Öz aramızda danışıb, durumumuzu müzakirə edirik. Nəticə verməli olduğumuzu başa düşürük. Qələbədən gözəl hiss ola bilməz. İndi bizi “Vilyarreal”la matç maraqlandırır. Rəqib güclü olsa da, bu görüşdə qələbə qazanmalıyıq. “Qarabağ”la oyuna da yalnız 3 xal üçün çıxacağıq. Hər iki rəqibə qalib gəlsək, komandada özünəinam hissi geri qayıdacaq. “Atletiko” son illərdə gücünü hər kəsə göstərib. Məhz həmin nəticələr özümüzü güclü hesab etməyimizə səbəb olub. Yenə hər birimiz qələbəyə “ac” olmalı, rəqabət aparmalı və sona qədər “vuruşmalıyıq”. Bir olmağımız vacibdi”.
Qeyd edək ki, ÇL-də ilk 3 turdan sonra cəmi 2 xal toplayan “Atletiko” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Madridlilər İspaniya çempionatında isə geridəqalan 9 turdan sonra 19 xalla 4-cüdü. 

Xəbər xətti