“Milliyə dönməyin vaxtı çatıb. Hesab edirəm ki, mən klassik hücumçuyam”. Bu sözləri Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov deyib.
Almaniyanın Regional Liqasının Şimal-Şərq divizionunda çıxış edən Berlin “Dinamo”sunun formasını geyinən Dadaşov yerli mətbuata açıqlama verib. Millimizə dəvət edilən Renat Dadaşovun böyük qardaşı olan Rüfət hazırda 11 qolla çempionatın ən məhsuldar oyunçusudu. Yaxşı formada olduğunu düşünən 26 yaşlı forvard Azərbaycan yığmasına dönmək arzusundadı.
O, 2013-cü ildə “Kayzerslautern”in ikinci komandasında oynadığı zaman millimizdə debüt etdiyi günləri xatırlayıb: “Bu, əla hiss idi. Millidə ilk təlim-məşq toplanışından sonrakı matçda baş məşqçi Berti Foqts mənə start heyətində şans verdi. Düzü, bu, mənim üçün sürpriz oldu. Baş məşqçinin etimadını doğrultmaq istəyirdim. Daha sonra Malta ilə matçda 2 qol vurmağa müvəffəq oldum”.
Dadaşov yığmamızın heyətində ən çox İtaliyaya qarşı AÇ-2016-nın seçmə mərhələsində keçirdiyi görüşü əlamətdar hesab edir. O, “Skuadra Adzurra”nın qapıçısı Canluici Buffona qarşı çıxış etməyin sözlə ifadə olunmayacaq dərəcədə olduğunu vurğulayıb: “Bu, mənim üçün inanılmaz qarşılaşma idi. İtaliya ilə oynamaq televiziya qarşısında izləməkdən çox fərqlidi”.
“Dinamo”nun baş məşqçisi Rene Ridleviç isə Dadaşovu tərifləyib. O, hücumçusunun əla formada olduğunu söyləyib: “Onun qarşısına qoyduğu hədəflərə görə məmnunuq. Komanda üçün vacib qollar vurur. Bu çox önəmlidi”.Apasport.az