Azərbaycan idmançıları olimpiadadan kənarda qala bilər

13:38 - 20 Oktyabr 2017 - İDMAN

Azərbaycan 2018-ci il Qış Olimpiya Oyunlarından kənarda qala bilər.  Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a gənclər və idman naziri Azad Rəhimov məlumat verib.  Onun sözlərinə görə, indiyədək heç bir idmançı olimpiadaya lisenziya qazanmayıb: "Çox istədik, çox çalışdıq ki, heç olmasa, bir-iki idmançımız qatılsın. Hələlik bir nəfər də lisenziya qazanan idmançımız yoxdur. Qış idman növlərində həqiqətən də böyük problemlər yaşayırıq".

Nazirin fikrincə, iki Dağ-Xizək Kompleksi olan ölkədə heç olmasa, bir dağ xizəkçisi yetişdirilməlidir: "Bunun üzərində düşünür və çalışırıq ki, nə isə edək".

Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn ilin 9 - 25 fevralında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.

Xatırladaq ki, hazırda Azərbaycanda bir neçə Dağ-Xizək Qış-Yay İstirahət Mərkəzi fəaliyyət göstərir.

Xəbər xətti