Xaqani Məmmədov: "Ndlovunun gec və nümayişkəranə yıxılması referini aldatdı"

13:51 - 19 Oktyabr 2017 - İDMAN

 “Dino Ndlovunun epizodunda rəqib futbolçu tərəfindən ona qarşı qayda pozuntusu vardı”. Ucnoqta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov “Atletiko” ilə Çempionlar Liqasının qrup mərhələsinin III tur matçında “Qarabağ”ın futbolçusu Dino Ndlovunun ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasını şərh edərkən deyib.

O bildirib ki, fransalı referisi Ruddi Buke qarşılaşmanın 75-ci dəqiqəsində afrikalı hücumçunu cəzalandırmaqla səhvə yol verib. Komitə sədri baş hakimin penalti təyin etməməsində Ndlovunun da rolunun olduğunu söyləyib: “Bu, rəqib tərəfindən ehtiyatsız hərəkətdir. Hakim “Atletiko”nun qapısına penalti təyin etməli idi. Simulyasiyadan söhbət gedə bilməzdi. Lakin həmin epizodda Ndlovunun gec və nümayişkəranə yıxılması referini aldatdı. Ümumiyyətlə, “Qarabağ”ın hücumçusuna göstərilən heç bir vərəqə düzgün deyildi. İlk “sarı”da nə perspektivli hücum vardı, nə də aşkar kobudluq. İkinci epizodda da vərəqəyə ehtiyac yox idi. Hakimdir, səhv edə bilər. Bunu qərəz kimi qələmə vermək olmaz”.
Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı qolsuz heç-heçə ilə başa çatıb. Dino Ndlovu 59 və 75-ci dəqiqələrdə sarı vərəqə görməklə komandasını azlıqda qoyub.

Xəbər xətti