18 oktyabr Dövlət Müstəqilliyi Günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qeyd olunub. Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Dövlət Himni səsləndikdən sonra tədbiri açıq elan edən teatrın direktoru, Respublikanın Əməkdar Artisti Mübariz Həmidov Müstəqillik Günü münasibəti ilə kollektiv üzvlərini təbrik edərək qeyd etdi ki, hər bir xalq zaman-zaman öz müstəqilliyini əldə etmək, öz taleyinə sahib çıxmaq arzusunda olub. Ölkəmiz bir əsrdə iki dəfə müstəqillik qazanıb. Ancaq təəssüflər olsun ki, 1918-ci ildə əldə etdiyimiz müstəqilliyin ömrü çox qısa, cəmi 23 ay olub. Birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. İkinci tarixi imkan isə sovet imperiyasının dağılması ilə Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Demək olar ki, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə etdi. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Respublikası bu gün nəinki regionun lider dövlətinə, eyni zamanda dünyada böyük nüfuza malik bir ölkəyə çevrilmişdir.
Daha sonra M.Həmidov bildirmişdir ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə başçımız İlham Əliyevin bütün sahələr üzrə uğurlu fəaliyyəti onu deməyə əsas verir ki, müstəqilliyimiz əbədidir və heç bir daxili və xarici qüvvələr ona xələl gətirə bilməz.