Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Sloveniya yığmasının sükanı arxasına keçə bilər. "Report"un Sloveniya mətbuatına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis ildə 800 min avro əmək haqqı qarşılığında bu postu tutmağa hazır olduğunu bildirib.
Lakin Sloveniya Futbol İttifaqının (NZS) prezidenti Rade Miyatoviç bildirib ki, bu qədər məbləği ödəmək imkanında deyillər: "Mən Prosineçkinin 800 min avro istədiyini bilmirəm. NZS-in maliyyə durumu elə də yaxşı deyil. Biz belə yüksək vəsaiti xərcləyə bilmərik".
Qeyd edək ki, Sloveniya millisi Sreçko Katanetslə yollarını bir neçə gün əvvəl ayırıb. Hazırda bu vəzifəyə Robert Prosineçki ilə yanaşı, İvitsa Osim, Çiro Blajeviç, Matyaj Kek, Saffet Suşiç və Marsel Koler də namizəd göstərilir. NZS-in illik əmək haqqı maksimum 300 min avro olan baş məşqçi axtarışında olduğu bildirilir.