DÇ-2018 seçmə oyunu: Azərbaycan millisi son oyununa çıxır
09:03 - 8 Oktyabr 2017 - İDMAN
Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununu keçirəcək. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv Almaniya yığmasının qonağı olacaq.
C qrupunda 9 turdan sonra Bundestim 27 xalla 1-ci pillədə qərarlaşıb. Yoahim Lövün rəhbərlik etdiyi komanda Rusiyada keçiriləcək final mərhələsinə vəsiqəni hələ ötən tur rəsmiləşdirib. Azərbaycan isə 10 xalla 5-ci yerdə gedir. 12 xalla 3-cü pillədə olan Çexiya autsayder San Marino ilə qarşılaşacağından, yalnız 4-cü yerə ümid etmək olar. Amma bunun üçün mütləq Almaniyadan xal almaq və Norveçin evdə Şimali İrlandiyaya uduzacağına ümid etmək lazımdır.
Kayzerslautern şəhərindəki "Frits Valter" stadionundakı görüş formal xarakter daşıdığından, meydan sahiblərinin ikinci heyətlə meydana çıxacağı gözlənilir. Azərbaycan millisində isə müdafiə xəttində ciddi itkilər var. Rəşad Sadıqov karyerasını başa vurub, Bədavi Hüseynov isə zədəlidir. Hələ Çexiya ilə oyundan əvvəl Maksim Medvedev zədələndiyi üçün heyətdən çıxarılıb. Beləliklə, Prosineçkinin xüsusən müdafiənin mərkəzində kimə güvənəcəyi maraq doğurur. Vəziyyət o dərəcədə ciddidir ki, adətən oyuna bir gün qalmış start heyəti açıqlayan xorvatiyalı mütəxəssis bu dəfə ənənəsini pozub və oyun günü qərar qəbul edəcəyini söyləyib.
Qeyd edək ki, iki komanda arasında martın 26-da Bakıda keçirilmiş görüşdə Almaniya millisi 3:1 hesablı qələbə qazanıb. Həmin vaxt Azərbaycan yığmasının yeganə qolunu Dmitri Nazarov vurub.
Dünya çempionatı
Seçmə mərhələ, C qrupu
22:45. Almaniya - Azərbaycan
Baş hakim: Andris Treymanis
Yan xətt hakimləri: Harald Gudermanis, Aleksey Spasyonnikov
Dördüncü hakim: Aleksandr Qolubev (hamısı Latviya)
Kayzerslaytern. Fritz Valter stadionu.