Löv: "Azərbaycanla oyunda da qalib gəlmək istəyirik"
16:43 - 6 Oktyabr 2017 - İDMAN
Almaniya milli komandası Azərbaycan yığmasına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının son seçmə qrup matçına yenilənmiş heyətlə çıxacaq. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bundestimin baş məşqçisi Yoahim Löv Şimali İrlandiyanı səfərdə 3:1 hesabı ilə yendikləri C qrupunun IX tur qarşılaşmasından sonra mətbuat konfransında açıqlama verib.
57 yaşlı mütəxəssis bildirib ki, oktyabrın 8-də indiyədək heç bir oyunda forma geyinməmiş futbolçuları da meydana buraxacaq: "Bir qədər yenilənməli olacağıq. Oyunçuların heyətə nə dərəcədə uyğun gəldiyini yoxlamaq istəyirəm".
Löv 9 oyuna 9 qələbə qazanan komandasının nəticəsini çox pozitiv adlandırıb. Onun sözlərinə görə, ilk turdan hədəf qrupda dominantlıq etmək, heç kimə xal verməmək və güzəştə getməməkdən ibarət olub: "Biz bunu artıqlaması ilə bacardıq və indi çox yaxşı göstəriciyə malikik. Bu səbəbdən, seçmə mərhələdən məmnun ola bilərik. Komandamı bu münasibətlə təbrik edirəm".
Təcrübəli baş məşqçi "Şimali İrlandiya üzərində qələbədən sonra kiçik bayram edib, oyunçuları paba buraxacaqsınız?" sualını isə belə cavablandırıb: "İstəməzdim ki, qeyri-peşəkarlığa yol verək. Bazar günü Kayzerslauterndə 30 min tamaşaçı qarşısında çıxış edəcəyik. Azərbaycanla oyunda da qalib gəlmək istəyirik. 10 oyundan 10 qələbə seçmə mərhələnin ən uğurlu göstəricisi ola bilər. Əlbəttə, biz bunu kollektiv daxilində qeyd edə bilərdik. Amma hesab etdik ki, məsələni sonraya saxlayaq".
Qeyd edək ki, Kayzerslautern şəhərindəki "Frits Valter" stadionunda keçiriləcək Almaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.