Əfran İsmayılov: "Əlimizdən gələni edəcəyik ki, ..."

12:58 - 6 Oktyabr 2017 - İDMAN

Azərbaycan millisinin futbolçusu Əfran İsmayılov  DÇ-2018-in seçmə mərhələsində Çexiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra brifinq keçirib. Yığmamızın yeganə qolunun müəllifi olan  yarımmüdafiəçi öncə matç barədə fikirlərini bildirib.

- Həm Rəşad Sadıqova görə, həm də qrupda 3-cü yeri tutmaq üçün qalib gəlməyi çox istəyirdik. Qol şanslarımız oldu, həqiqətən də hücum futbolu nümayiş etdirdik. Rəqib qol şanslarından daha yaxşı yararlandı. Hesab 2:2 olsaydı, bizim üçün yaxşı nəticə sayıla bilərdi. Amma nə edə bilərik? Uduzsaq da, əsas odur ki, istədiyimiz oyunu nümayiş etdirə bildik, qol epizodları yaratdıq.


- Çexlər udulası idi?
- Hamı bizə udulası komanda kimi baxır. Biz isə heç kimə belə yanaşmırıq. Rəqib bura xal almağa gəlmişdi və istəyə çatdı. Yenə bildirirəm ki, doğrudan da zəif oynamadıq, şanslarımız çox oldu. Hər iki hissədə epizodlar yaratsaq da, bundan yararlana bilmədik. Səviyyə fərqi özünü göstərdi. Çexiya yığması qələbəni əlinə düşən şanslardan yararlanaraq qazandı.


- Rəşad Sadıqovun komandadakı yeri görünəcək?
- Əlbəttə, Rəşad kapitanımız idi. Bir lider kimi oyunumuzu hərtərəfli tənzimləyirdi. Millidən getməyi şəxsi qərarıdı və buna hörmətlə yanaşmaq lazımdır. Rəşad mənə yaxındır, dostdur. Onu deyə bilərəm ki, belə bir futbolçudan bir daha olmayacaq. Yəqin ki,"Qarabağ"da karyerasını hələ davam etdirəcək. Yığmada isə onun yerinə özü kimisinin gələcəyinə inanmıram.


- Son zamanlar ən yaxşı oyununu keçirməyiniz fikri ilə razısız?
- Pis çıxmasın, millidə daim başqa cür futbol oynayıram. Klubumda 1 aydır çıxış etmirdim, amma burada oyuna tam fərqli yanaşmışdım. Hər birimiz milli komanda üçün oynayırıq. Bayrağı, gerbi fikirləşəndə həqiqətən də meydana tam fərqli ovqatda çıxırsan. Robert Prosineçki də mənə etimad göstərir, özüm də onun ümidlərini doğrultmaq əlimdən gələni edirəm. Açığı, yeri gəlsə, klubunda oynamayan futbolçu yığmaya çağırılmamalıdır. Amma Prosineçki hər dəfə mənə dəvət göndərir, məni oynadır. Mən də bunun cavabını artıqlaması ilə verməyə çalışıram.


- Almaniyaya hansı əhval-ruhiyyədə yollanırsınız?
- Çox üzgünük. Biri var ki, oynamadan uduzasan, bir də var oynayaraq. Belə məğlubiyyət həqiqətən də adama təsir edir. Nə demək olar? Almaniya qrup lideridir. Əlimizdən gələni edəcək, canımızı qoyacağıq ki, bizim üçün ən yaxşı nəticəyə nail olaq. qafqazinfo 

Xəbər xətti