Azərbaycan Premyer Liqası: "Qəbələ" "Neftçi"yə qarşı
08:43 - 24 Sentyabr 2017 - İDMAN
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək.
"Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi"ni qəbul edəcək.
Beş oyundan sonra "Qəbələ" 10 xalla 3-cü, "Neftçi" isə 1 xalla 7-ci pillədə qərarlaşıb. Bu görüşün nəticəsi komandaların mövqeyinə heç bir təsir etməyəcək. Amma liderlik iddialarını davam etdirməsi üçün "qırmızı-qaralar" mütləq qələbə qazanmalıdırlar.
"Ağ-qaralar" isə bu mövsüm ilk dəfə qalib olmaq və 6-cı pillədəki "Səbail"lə xal fərqini yenidən 2-yə endirmək üçün meydana çıxacaqlar.
İki komanda indiyədək 36 dəfə üz-üzə gəlib. Bunların 13-də "Qəbələ", 15-də "Neftçi" qalib olub, 8 görüş heç-heçə ilə yekunlaşıb. Top fərqi isə bərabərdir: 45-45. Son üç qarşılaşmada meydan sahibləri qalib gəlib. “Neftçi” axırıncı 6 görüşdə cəmi 1 qələbə əldə edib.
Azərbaycan Premyer Liqası, VI tur
24 sentyabr (bazar)
18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı 4:1, "Səbail" "Kəpəz"i 1:0 hesabı ilə yenib. "Zirə" - "İnter" matçında isə qalib müəyyənləşməyib.