Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin iclası keçirilib.
“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə A.Çovdarovun vəkili Sadiq Rəsulov müdafiə çıxışı edir.
A.Çovdarovun digər müdafiəçisi Kamandar Nəsibov "Report"a bildirib ki, S.Rəsulov sabiq MTN generalının günahsız olduğunu, ittihamları qəbul etmədiyini deyib. S.Rəsulov A.Çovdarovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
K.Nəsibov qeyd edib ki, S.Rəsulovdan sonra özü müdafiə nitqi söyləyəcək.
Hazırda proses davam etdirilir.