Bu gün "Qarabağ" komandası Azərbaycan tarixində ilk dəfə futbol üzrə Çempionlar Liqasında 2017-2018 mövsümü üzrə qrup mərhələsində mübarizəyə başlayacaq. "Report"un məlumatına görə, Ağdam klubu İngiltərənin paytaxtı Londonda "Çelsi"nin qonağı olacaq. C qrupunda yer alan komandaların görüşü "Stemford Bric" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Görüşü Tasos Sidiropulosun başçılıq etdiyi yunanıstanlı hakimlər briqadası idarə edəcək.
"Qarabağ" Çempionlar Liqasında mübarizəyə ardıcıl 4-cü mövsüm II təsnifat mərhələsindən başlayıb. Lakin əvvəlki 3 mövsümdən fərqli olaraq, Azərbaycan təmsilçisi bu dəfə Avropa Liqasının deyil, Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyi bacarıb.
"Çelsi" isə qitənin ən nüfuzlu klub turnirinin müntəzəm iştirakçılarından olsa da, ötən mövsüm buna nail ola bilməyib. Səbəb "zadəganlar"ın 2015-2016 mövsümündə İngiltərə Premyer Liqasını 10-cu pillədə başa vurmasıdır. Məhz bu uğursuzluqdan sonra komandanın sükanı arxasına keçən Antonio Konte çempionluq sevinci yaşamağı bacarıb. Beləliklə, bu gün Azərbaycan və İngiltərə premyer liqalarının qızıl medalçıları qarşılaşacaqlar.
Çempionlar Liqası, qrup mərhələsi
C qrupu
22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Anastasios Sidiropulos
Yan xətt hakimləri: Polyxronis Kostaras, Lazaros Dimitriadis
Əlavə köməkçi hakimlər: Xaralambos Kaloqeropulos, Aleksandros Aretopulos
Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)
Hakim-inspektor: Paulius Maljinskas (Litva)
UEFA nümayəndəsi: Mixal Martinyak (Slovakiya)
London, "Stemford Bric" stadionu
Qrupun digər görüşündə İtaliya "Roma"sı İspaniya "Atletiko"su ilə üz-üzə gələcək.