“Yaxşı komanda ilə üz-üzə gələcəyik. “Qarabağ”ın bəzi futbolçularını çox yaxşı tanıyıram və milli komandalarda necə çıxış etdiklərini bilirəm”. Bunu İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Antonio Konte Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turunda “Qarabağ”la oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, “Qarabağ”a qarşı oynamaq heç də asan deyil: Rəqib ÇL-in qrupunda ilk dəfə iştirak etsə də, orda çox yaxşı oyunçular var. İtaliya yığmasının baş məşqçisi olanda Azərbaycan millisi ilə qarşılaşmışam. Orda çox yaxşı oyunçular tanıyıram. Realist olsaq, onlara qarşı oynamaq heç də asan olmayacaq. Uduzma ehtimalını da nəzərə almaq lazımdır”.
A.Konte deyib ki, ÇL-də bütün matçlarda qalib gəlməyə çalışmalıdırlar. O, görüşdən bir gün öncə start heyətini açıqlamağı da lazım bilməyib: “Məşqçiliklə müqayisədə, futbolçu kimi ÇL-də böyük təcrübəm var. Bu yarışda iştirak etdiyimiz üçün qürur duymalıyıq. Burada hər oyunda qalib gəlməyə çalışmalıyıq. İngiltərə Premyer Liqasının sonuncu turunda “Lester”lə keçirdiyimiz oyun “Qarabağ”la görüş üçün heyət seçimimə təsir edəcək. Start heyətini indidən açıqlamaq mümkün deyil. Bu, böyük risk olardı. Çünki daha sonra dəyişikliklər baş verə bilər”.
Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək "Çelsi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.report