Tarik Elyunussi: ""Qarabağ" mənim üçün yaxşı sınaq olacaq"
11:53 - 2 Sentyabr 2017 - İDMAN
“Azərbaycanla oyundan əvvəl danışıqlar hələ də davam edirdi. Görüşdən öncə “Qarabağ”a keçəcəyimə əmin deyildim. Çünki paltardəyişmə otağını tərk edərkən telefonumu orda qoymuşdum. Müqavilənin xırda detalları qalmışdı. Matçdan sonra telefonumu açdıqdan sonra keçid həll edildiyini öyrəndim”.
Qol.az-ın məlumatına görə, bu sözləri Norveç millisinin futbolçusu Tarik Elyunussi "Qarabağ"a keçidi barədə "NRK"ya açıqlamasında deyib.
29 yaşlı yarımmüdafiəçi DÇ-2018-in seçmə mərhələsində yığmamızla matçdan əvvəl “Qarabağ”ın futbolçularının onu xüsusi salamladıqlarını bildirib: “Azərbaycanla oyun zamanı rəqibin heyətində çıxış edən “Qarabağ”ın oyunçuları sanki mənim ora keçəcəyimi bildirdilər. Çünki matçdan əvvəl mənə qarşı isti münasibət göstərdilər. Bu, mənim üçün çox önəmli idi. Mehriban insan kimi görünürdülər. Onlara “təşəkkür edirəm” dedim. İnanıram ki, yeni komandamda hər şey yaxşı olacaq".
O, Bakını bəyəndiyini deyib: "Qarabağ" mənim üçün yaxşı sınaq olacaq. Yeni ölkə, yeni mədəniyyətlə tanış olacam. Bakıda bundan əvvəl olmuşam. Ora gözəl şəhərdir".
Qeyd edək ki, “Qarabağ” Tarik Elyunussini “Olimpiakos”dan bir illiyə icarəyə götürüb.