"Keçirdiyim hisləri sözlə ifadə edə bilmərəm" -Qurban Qurbanov
09:51 - 24 Avqust 2017 - İDMAN
Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Kopenhagen”dən sərfəli nəticə ilə qayıdaraq qrup mərhələsinə yüksələn "Qarabağ" Bakıda azarkeşlər tərəfindən böyük izdihamla qarşılanıb. Komandanın baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərin suallarını cavablandırıb.
- Qələbə təəssüratlarınız necədir və hər qoldan sonra hansı hissləri keçirirdiniz?
- Çox sağ olun, hamınızı - azarkeşlərizimi, xalqımızı təbrik edirəm. Çətin oyun idi. Məğlub olsaq da, istəyimizə çatdıq. Belə oyunlar bizə ancaq fayda verir. İlk dəfə idi ki, Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparırdıq. Allaha şükürlər olsun ki, hər şey bizim tərəfimizdə oldu. Hər qoldan sonra keçirdiyim hisləri isə sözlə ifadə edə bilmərəm. Bu, başqa hislərdir. Belə hallar olur.
- Sizi ilk təbrik edən kim oldu?
- Artıq yadımda deyil (gülür).
- Oyundan sonra sizi kimi bütün ölkəmiz sevinc göz yaşlarına doldu...
- Oldu... Normaldır. İşimizdə belə hadisələr olur.
- İbrahim Şehiçin səhvindən sonra nə düşünürdünüz?
- Heç bir şey. Səhvsiz futbol olmur. Qollar səhvlərdən vurulur. Normal düşünürdüm.
- Qrup mərhələsində hansı rəqibləri arzu edirsiniz?
- İnşallah hansı komandalar düşsə, oynayacağıq.
- Hava limanından sonra ilk olaraq hara gedəcəksiniz və ilk işiniz nə olacaq?
- Evə gedəcəm.
- Azərbaycan xalqı bu gecə yatmayıb. Azarkeşlərə sözünüz nədir?
- Hər kəsə təşəkkür edirəm. Bu qələbə ölkəmizdə futbolu daha da sevdirdi. Azarkeşlər çox sevindilər. Ölkədə futbola maraq daha da artacaq. Biz futbolu onlar üçün oynayırıq. Bu oyun bizim birliyimiz üçün çox vacib oldu.sportal