Kopenhagen"in baş məşqçisi: "Rəqibimiz çox keyfiyyətli komandadır"
22:12 - 14 Avqust 2017 - İDMAN
Danimarka təmsilçisi "Kopenhagen"in baş məşqçisi Stole Solbakken "Qarabağ"la Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyunu ərəfəsində mətbuat konfransına qatılıb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlərin suallarını cavablandırıb.
- Temperatur normaldır. Deyilənə görə, meydança da çox yaxşıdır. Rəqibimiz çox keyfiyyətli komandadır. Ev oyunlarında çox yaxşı çıxış edirlər. Son üç mövsümdəki nəticələri də bunu sübut edir. Lakin biz də yaxşı nəticə ilə qayıtmaq istəyirik.
- Heyətdəki problemlər "Kopenhagen"ə necə təsir edə bilər?
- Yohansan zədəlidir, lakin bunu itki hesab etmirəm. Onun yerini dolduran oyunçu var. Əlimizdə olan futbolçularla yaxşı nəticə qazanmağa çalışacağıq.
- "Qarabağ"ın hansı özəlliyi sizi daha çox narahat edir?
- Rəqibin hücum "üçlüy"ünü qeyd edərdim. Onların hər biri oyunun taleyini həll edəcək futbolçulardır. Lakin biz sabah yalnız onlara qarşı deyil, komandaya qarşı oynayacağıq.
- 1996-cı ildə Norveç millisinin heyətində Azərbaycan yığmasına iki qol vurmuşdunuz və həmin matçda Qurban Qurbanov da iştirak edirdi. Bu oyunu xatırlayırsınız?
- Karyeram boyunca çoxlu qollar vurmuşam, hamısını xatırlaya bilmirəm (gülür). Ancaq həmin qollar yadımdadır. Çünki millidə çıxış etdiyim ilk vaxtlarda vurmuşam. Daha çox 1997-ci ildəki 1:0 hesablı qələbəni xatırlayıram. Həmin vaxt mundiala vəsiqə qazanmışdıq.