Ronaldu 12 oyunluq diskvalifikasiya oluna bilər
11:16 - 14 Avqust 2017 - İDMAN
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu 12 oyunluq diskvalifikasiya oluna bilər. “Report” “Marca”ya istinadən xəbər verir ki, səbəb 32 yaşlı hücumçunun “Barselona” ilə İspaniya Superkuboku uğrunda ilk matçda baş hakim Rikardo de Burqos Benqoçeanı itələməsidir.
Məlumata görə, referi oyundan sonra protokolda qırmızı vərəqəyə etiraz edən K.Ronaldunun onu itələməsini qeyd edib. İspaniya Futbol Federasiyasının (RFEF) reqlamentinə əsasən, bu cür hərəkətə yol verən futbolçu 4-dən 12 oyuna qədər cəzalana bilər. Portuqaliyalı forvard 4 oyun cəza alarsa, bu, yalnız İspaniya Super Kuboku matçlarında qüvvədə olacaq. O, 5 və daha artıq görüşlük diskvalifikasiya olunacağı təqdirdə isə bu, RFEF bayrağı altında keçirilən bütün turnirlərə şamil ediləcək.
Qeyd edək ki, Kriştianu Ronaldu “Real Madrid”in 3:1 hesabı ilə qalib gəldiyi görüşün 57-ci dəqiqəsində meydana daxil olub. O, 80-ci dəqiqədə vurduğu qolu qeyd edən zaman futbolkasını soyunduğu üçün ilk sarı vərəqəsini alıb. Üç dəqiqə sonra isə simulyasiyaya görə ikinci “sarı”nı görən portuqaliyalı meydandan qovulub. Lakin bu qərarla razılaşmayan hücumçu arxadan referini itləyib.