Ordudan tərxis olunmuş Səbailli gənclərlə görüş keçirilib

13:40 - 14 İyul 2017 - ÖLKƏ İÇİ

Azərbaycan Silahlı Qüvvələrinin sıralarından yeni tərxis olunmuş bir qrup Səbailli gənclə görüş keçirilib. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının «Şəhidlər Xiyabanı»ndakı qərargahında Rayon İcra Hakimiyyəti, YAP Səbail Rayon təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinin, Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, rayondakı bir sıra ictimai təşkilatların, yerli bələdiyyələrin, tərxis olunmuş gənclərin valideynlərin, rayon ictimaiyyətinin  nümayəndələrinin iştirakı ilə keçirilən görüşün əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev ordu sıralarından tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vurmaları münasibətilə təbrik edib. O, gənclərin şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Silahlı Qüvvələrimizin hərbi qüdrətindən söz açıb. Eldar Ağayev ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayaraq, aprel döyüşləri zamanı mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən hücumun qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını və düşmənə sarsıdıcı zərbə endirildiyini bildirib. Bu qələbə bütün dünyaya bəyan etdi ki, Milli Ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı qüvvələri doğma torpaqlarımızdan çıxarmağa hər an hazırdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Polad İbrahimov bildirdi ki, Vətənə xidmət etmək həm müqəddəs, həm də çox məsuliyyətli vəzifədir. Əsgər və zabitlərimizin aprel döyüşlərindəki qələbəsi bütün dünyaya göstərdi ki, Milli Ordumuz öz rəşadəti ilə torpaqlarımızı azad etməyə qadirdir. Hər kəs mobil və yüksək döyüş hazırlığına malik Azərbaycan Silahlı Qüvvələrinin həqiqətən regionun ən güclü ordusu olduğunu gördü. Gənclərimiz belə bir orduda xidmət edib hərbi sirlərə dərindən yiyələnməklə Azərbaycan əsgərinin adını şərəflə doğruldub. Ordumuzun aprel  qələbəsi bizə böyük inam və ümid bəxş etdi.
Görüşdə çıxış edən YAP Səbail Rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov,  Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədri İlham Əliyev,  Azərbaycan Respublikası Veteranlar Şurası sədrinin müavini, polkovnik Cəlil Xəlilov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Mirzəyev, Qarabağ müharibəsi veteranı Bəhram Ağakişiyev,  Əmək veteranı, jurnalist, professor hacı Tofiq Seyidzadə,  Aprel döyüşlərinin iştirakçısı Vəli Əsədov,   valideynlər gəncləri bu şərəfli missiyanı uğurla başa vurduqlarına görə təbrik edib, öz tövsiyələrini verdilər.
Sonra ordu sıralarından tərxis olunmuş və hərbi xidmət zamanı fərqlənən gənclərə hədiyyələr təqdim edilib.


Elmin


Xəbər xətti