"Nağıl qəhrəmanlarının festivalı" başlayır
18:42 - 7 İyun 2017 - Mədəniyyət
9 iyun Beynəlxalq Dostlar Günüdür. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə Park Bulvar AVM də bu günü 3 günlük festivalla qeyd edəcək.
Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, belə ki, məhz həmin günlərdə balaca dostlarımız üçün əsl möcüzə baş verəcək, nağıl qəhrəmanları yürüşə çıxaraq ətrafdakıları "Nağıl qəhrəmanlarının festivalı"na dəvət edəcək.
İlk dəfə reallaşacaq yürüş Azərbaycan Dövlət Kukla Teatrından başlayıb Dənizkənarı Bulvar ərazisindən keçməklə Park Bulvar AVM-də bitəcək.
Festivalın açılışı 9 iyun (saat 16.00) tarixində baş tutacaq. Azərbaycan Dövlət Kukla Teatrının daimi sakinlər olan müxtəlif nağıl qəhrəmanları musiqi sədaları altında dostluq çağırışları edəcəklər.
3 gün ərzində (9, 10, 11 iyun) uşaqlar üçün nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı tədbirlər reallaşacaq, tamaşalar, konsert proqramları, müxtəlif yarışmalar keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.
Yeməklərimizə möcüzə qatan "Möcüzə" yağının dəstəyi ilə reallaşacaq rəngarəng festival çərçivəsində Dövlət Kukla Teatrının uğurlu səhnə nümunələrindən olan "Qoğal" tamaşası da nümayiş olunacaq.
İyunun 10-da Dövlət Kukla Teatrı nəzdində "Oyuq" teatr-studiyasının balaca istedadlarının təqdimatında səhnəciklər və rəngarəng konsert proqramı təqdim ediləcək.
Festivalın son günü "Oyuq"çular modelyer Könül Vəlibəylinin xüsusi olaraq festival üçün hazırladığı Azərbaycanda yaşayan milli azlıqların geyimlərindən ibarət kolleksiyasını da nümayiş etdirəcəklər.