Abşeron polisi vətəndaşlara 25 min manat ziyan vuran şəxsləri yaxalayıb
Mayın 7-də Novxanı kənd sakinləri Əyyub Mirzəyevin və Xanağa Tağıyevin kəndin otlaq sahəsinə buraxdıqları iribuynuzlu mal-qara geri qayıtmayıb. Həmin gün onlar bu barədə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək fermer təsərrüfatları üçün aldıqları ümumi dəyəri 25 min manatdan çox olan 8 baş cins inəklərinin otlaq sahəsindən oğurlandığını bildiriblər. Əməliyyat qrupu hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib, Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə ediblər. Məlum olub ki, 3 nəfər naməlum şəxs həmin iri buynuzlu heyvanları otara-otara Goradil kəndi istiqamətinə aparıblar.
Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanılıb.
Kamera görüntüləri və əldə olunan əməliyyat məlumatları əsasında hadisəni törədənlərin şəxsiyyəti müəyyən edilib. İyunun 6-da Cinayət Axtarışı şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlqar Ağayev, Seymur Ağayev və Allahşükür Şahbazov Binəqədi kəndi ərazisində saxlanılaraq RPİ-yə gətiriliblər. Araşdırmalar zamanı onlar törətdikləri əməli etiraf ediblər. Aparılan tədbirlərlə onların ələ keçirdikləri həmin cins inəkləri dəyərindən qat-qat aşağı - cəmi 8 min manata satdıqları da müəyyən edilib.