Mal-qara oğruları "isti izlərlə" yaxalandi

13:38 - 2 İyun 2017 - HADİSƏ

 İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri ilə mal-qara oğurluğunun üstü "isti izlərlə" açılıb. DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, mayın 27-də rayonun Çaxırlı kənd sakinlərinin Araz çayının kənarındakı otlaq sahəsinə buraxdıqları iribuynuzlu mal-qaradan yeddisi geri qayıtmayıb. İki gün özlərinin apardıqları axtarış nəticə vermədiyindən mayın 29-da 5 nəfər kənd sakini bu barədə Rayon Polis Şöbəsinə müraciət edib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları həmin ərazidə  iki gün əvvəl dövlət nömrə nişanı məlum olmayan "QAZ-53" markalı yük maşınının görünməsi barədə məlumat əldə ediblər. Müvafiq tədbirlərlə həmin nəqliyyat vasitəsinin Cəbrayıl rayon sakini Fuad Məmişova məxsus olması dəqiqləşdirilib, o, şübhəli şəxs qismində RPŞ-yə gətirilib. Ətrafında aparılan tədbirlərlə onun oğurluğu digər həmyerliləri Aruz Paşalı və Qalib Həsənli ilə birlikdə törətməsi də müəyyən olunub. Əməliyyat tədbirlərinin davamı olaraq onlar da tutulublar.  Hər üç şəxs 7  baş heyvanı Biləsuvardakı mal bazarında 4400 manata  satdıqlarını və pulu aralarında böldüklərini etiraf ediblər. Satışdan əldə olunan pul maddi sübut kimi götürülüb, həmçinin onların həmin heyvanları satdıqları qəssablar da müəyyənləşdirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Elməddin MURADLI

Xəbər xətti