Ötən il mayın 19-da Misir hava yollarına məxsus “Airbus 320” təyyarəsinin Parisdən Qahirəyə uçarkən Aralıq dənizinə düşdüyü hadisə ilə bağlı yeni iddia ortaya atılıb. Köməkçi pilotun kabinədə unutduğu “iPhone 6S” və “iPad Mini 4” telefonlarının partlaması səbəbindən təyyarənin düşdüyü iddia edilib. Təyyarənin “Qara qutu”sunun incələnməsi zamanı kabinədə duman izinə rast gəlinməsi həmin cihazların təyyarə düşmədən öncə yanğına səbəb olduğu iddialarını gücləndirib. 66 nəfərin öldüyü hadisə ilə bağlı deyilən bu iddianı araşdırmaq üçün fransalı rəsmilər hərəkətə keçiblər. İddianın araşdırılması üçün Beynəlxalq Elmi Araşdırma Mərkəzindən bir mühəndis, Müdafiə Nazirliyindən isə fizik və elektron cihazların batareyaları üçün mütəxəssisdən ibarət qrup yaradılıb. Həmin qrupun 30 sentyabra qədər araşdırma aparıb hesabat hazırlaması gözlənilir. Məsələ ilə bağlı “Apple” şirkəti açıqlama yayaraq qəzanın həmin cihazlar səbəbəbindən baş verdiyinə dair faktın olmadığını bildirib. Şirkət araşdırmaçıların bütün suallarını cavablayacaqlarını açıqlayıb.(“qafqazinfo”)