“Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasının Yekun Konfransı keçiriləcək

13:02 - 1 İyun 2017 - Xəbər

6 iyun 2017-ci il tarixində Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirilən “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasının Yekun Konfransı baş tutacaq. ADA Universitetində təşkil olunacaq bu konfransda dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri, kampaniyaya cəlb olunmuş gənclər və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub.  
Yekun konfransın əsas məqsədi kampaniya müddətində əhatə edilmiş fəaliyyətlərə dair hesabatın təqdim olunması və müvafiq nəticələrin ictimaiyyətə çatdırılmasıdır. 
Qeyd edək ki, “Gənclər Daha Yaxşı gələcək Uğrunda” Kampaniyası gəncləri BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq təhsil, sağlamlıq və gender bərabərliyi məsələlərinə dair məlumatlandırmaq məqsədi daşıyırdı. Kampaniya əsasən gənclər arasında təbliğat-təşviqat işinin aparılması vasitəsi ilə dayanıqlı inkişaf məqsədlərinə nail olma prosesində onların rolunun artırılmasına yönəlmişdir.
Kampaniya vasitəsilə gənclərə ötürüləcək məlumatın onların ehtiyacları əsasında formalaşdırılması məqsədilə layihənin ilk mərhələsində 300-dən çox gənclər təşkilatının rəhbərləri, əməkdaşları və üzvləri arasında sorğu keçirilib.  Bununla yanaşı, Lənkəran, Şəki, Quba və Gəncə şəhərlərində 2 günlük təlimlər təşkil olunub. Kampaniya zamanı statistik məlumatların əks olunduğu info-qrafiklər sosial şəbəkələr vasitəsilə yayımlanıb. Həmçinin Keyfiyyətli Təhsil, Gender Bərabərliyi və Yaxşı Səhiyyə və Rifah məqsədləri üzrə 3 sosial video-çarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunub. Kampaniya çərçivəsində, eyni zamanda, “Məqsədlərə doğru birlikdə!” adlı sosial aksiya keçirilib. Gün ərzində davam edən bu tədbirdə musiqili proqram çərçivəsində müxtəlif tanınmış simalar çıxış edərək 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclərə çağırışlar edib və gəncləri “Həmrəylik lövhəsinə” imza atmağa səsləyiblər. Aksiya zamanı həmçinin, mövzu ilə bağlı müxtəlif viktorinalar keçirilib və qalib gənclərə hədiyyələr təqdim olunub. Ümumilikdə 1,035 gənc lövhəyə imza ataraq Dayanıqlı İnkişaf Məqsədlərinə öz dəstəyini nümayiş etdirib.
Konfransda “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasının 15 noyabr 2016 - 15 iyun 2017-ci il hesabat müddətini əhatə edən fəaliyyətlərinin hesabat video-çarxı da təqdim olunacaq.  Kampaniya haqqında ətraflı məlumat əldə etmək  və qeydiyyatdan keçmək üçün aşağıdakı link vasitəsilə  daxil olmağınız xahiş olunur:  http://www.nayora.az/announcements2,172/lang,az/
Məlumat üçün bildirək ki, 6 oktyabr 2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdı. Bu şuranın əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.

 

Xəbər xətti