Kiş çayı üzərində yeni körpünün inşası davam edir
11:30 - 29 May 2017 - ÖLKƏ İÇİ
Azərbaycan Prezidentinin Şəki rayonu Kiş çayı üzərində körpünün bərpası haqqında sərəncamına uyğun olaraq tikinti işləri davam etdirilir.
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, yeni inşa edilən körpünün uzunluğu 88.2 metr, hərəkət hissəsi 8 m və hər bir tərəfdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqəsədilə 1.5 m enində piyada səkiləri də daxil olmaqla ümumi eni 11 metrdir.
Körpü orta dayaqsız bir aşırımlı (81 m) inşa olunacaq və çay yatağından hündürlüyü 7 m olacaq. Bu isə öz növbəsində, gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq.
Körpünün kənar dayaqlarının tikintisi artıq yekunlaşıb və hazırda körpünün aşırım hissəsinin yığılması işləri aparılır. Bu işlər yekunlaşandan sonra körpünün hərəkət hissəsinin inşası işlərinə başlanılacaq.
Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilir.
Layihə çərçivəsində çayda su axının təmizlənməsi və yaşayış məntəqəsini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 m hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 m uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.
Xatırladaq ki, 2016-cı ilin iyul ayında yağan leysan nəticəsində sel suları sözügedən körpünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi. “Azəravtoyol” ASC tərəfindən əraziyə cəlb edilmiş ağır texnika və canlı qüvvə hesabına qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunmuşdu.
Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması və 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 17 avqust 2016-cı il tarixində müvafiq sərəncam imzalanmışdı.