Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruzun bu gün doğum günüdür. Ucnoqta.az xəbər verir ki, sevilən sənətkar BiG.AZ-a açıqlamasında 62 yaşını təmtəraqlı qeyd etməyəcəyini deyib:
“Əslində, yubileylərimi də təmtəraqlı qeyd etməmişəm. Budəfəki doğum günümü də ailəmlə birlikdə qeyd edəcəyəm. Buna görə öncədən heç nə planlaşdırılmayıb. Bu doğum günümü ulu baba kimi qeyd edəcəyəm. Bir dəfə soruşdular ki, babalıq necə hisdir. Dedim ki, mən özümü heç düz-əməlli ata kimi hiss eləmirəm, qalmışdı ki, babalıq olsun (Gülür). Mənim üçün gözlənilməz, eyni zamanda da gözəl hisdir. Onu da deyim ki, mənim nəticəmin olması hamı üçün gözlənilməzdir. Bütün arzusunda olanlara qismət”.
Qeyd edək ki, Ramiz Novruz 1955-ci ilin bu günü Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub.
1974-1978-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram teatrı və kino aktyorluğu fakültəsində Adil İsgəndərovun kursunda təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul oluunb. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. Akademik Milli Dram Teatrının səhnəsində Nəvvab və İran şəhzadəsi ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Mayor Edmund ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Bahadur ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Cəmil ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Seyton ("Maqbet" Uilyam Şekspir), Edmund ("Kral Lir", Uilyam Şekspir), Kreon ("Medeya", J.Anuy), İbn Yəmin ("İblis", Hüseyn Cavid), Səlim bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Loğman ("Fəryad", Bəxtiyar Vahabzadə), Laçın ("Hara gedir bu dünya?", Bəxtiyar Vahabzadə), Toğrul ("Cəzasız günah", Bəxtiyar Vahabzadə), Fərhad ("Sənsiz", Şıxəli Qurbanov), Baş redaktor ("Mənim sevimli dəlim", Elçin), Andranik və Nostradamus ("Hələ "sevirəm" deməmişdilər…", Ramiz Novruz), Ələs bəy ("Dirilən adam", Mir Cəlal), Qaçaq Süleyman ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), Murad ("Xəcalət", Hüseynbala Mirələmov), Cəbrayıl ("Teleskop", Elçin), "Yaşlı qadının gəlişi"(F.Dürrenmat), Knyaz Pantiaşvili ("Xanuma", A.Saqareli), Nadir şah ("Nadir şah", Y,Oğuz), Attilio ("Silindr", E. de Filippo) və s. rollar oynayıb.
R.Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. İstedadlı aktyor "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib.
H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası"(Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra"(Antonio), O.Kamalın "Dodaqdan qəlbə"(Kənan bəy), "Yad qızı"(Nihad) və s. maraqlı rollar oynayıb.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə əməkdar artist və 1998-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci və 30 aprel 2014-cü illərdə Prezident Mükafatına layiq görülüb.