Azərbaycanda gənc aşıqların ikinci müsabiqəsi keçiriləcək. Müsabiqəyə mayın 20-də start veriləcək. Bu barədə layihənin rəhbəri əməkdar mədəniyyət işçisi Aşıq Ulduz Sönməz məlumat verib. Müsabiqə Aşıqlar Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşır. Sənətkar deyib ki, Gədəbəydə start götürən müsabiqə Şəmkir, Qazax, Tovuz bölgələrini əhatə edəcək. Beş gün müddətində həmin bölgələrdən olan gənc istedadlı aşıqlar seçiləcək. Onları Aşıq Ulduzun rəhbərlik etdiyi tanınmış aşıqlardan ibarət münsiflər heyəti dəyərləndirəcək: “Gənc aşıqların müsabiqəsini keçirməkdə məqsəd aşıq sənətinə yeni gələn gəncləri dəstəkləməkdir. Müsabiqədə 15-35 yaş arası gəncləri seçərək qiymətləndirəcəyik. Hazırda saza, aşıqlığa gələn çoxdur. Aşıq sənətini arxa plana keçiriblər. Biz də istəyirik ki, aşıq sənətinə gələn gəncləri aşıq kimi yetişdirək. İndikilərin əksəriyyəti əlinə saz alıb oxuyur, aşıq sənətinin dərinliyini bilmək, olduğun kimi öyrənmək istəyən gənclər isə azdır. Türk dünyasında aşıq sənəti folklorumuzun yazılı və şifahi abidəsidir. Onu qoruyub saxlamalı, olduğu kimi gələcək nəsillərə çatdırmalıyıq”.
Qeyd edək ki, gənc aşıqların birinci müsabiqəsi ötən il yalnız Gədəbəy bölgəsini əhatə edib. İlk üç yerə pul mükafatı, digər üç nəfərə isə həvəsləndirici mükafat kimi saz hədiyyə edilib. Aşıq Ulduz bu il də qalib gələn üç gənc aşığa pul və üç nəfərə həvəsləndirici mükafat kimi saz təqdim olunacağını bildirib. Müsabiqədən sonra mayın 25-də Gədəbəydə konsert proqramı keçiriləcək. Yekun konsert 28 May Respublika Gününə həsr ediləcək. Sənətkar növbəti ildə gənc aşıqların müsabiqəsinin respublika üzrə keçiriləcəyini açıqlayıb: “Mən bayrağı qaldırdım Azərbaycan saza qayıtdı, indi də bayrağı qaldıracam ki, respublika üzrə aşıq müsabiqəsi keçirilsin. Bizə tarix boyu bu sənəti çatdırıblar, bizim də borcumuzdur ki, gələcək nəsillərə olduğu kimi təhvil verək”.