Ombudsmanın əməkdaşları Mehman Hüseynovla görüşüblər

17:40 - 17 May 2017 - Xəbər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə müəssisəsinə baxış keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin yataqxana korpuslarına, cərimə təcridxanasına, tibbi-sanitar hissəsinə, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxışlar keçirilmiş, habelə tibbi yardımın təşkili, yemək-qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.
Müəssisədə saxlanılma şəraitinin yaxşılaşdırılması məqsədilə görülən bəzi işlərin davam etdirildiyi müşahidə edilib. Eyni zamanda həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin təkmilləşdirilməsinə olan ehtiyacın aradan qaldırılması ilə bağlı MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.
MPQ üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar, o cümlədən Mehman Hüseynov konfidensial qaydada qəbul edilərək dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb, habelə bir sıra müraciətlər yerində təmin edilib.
Qəbul zamanı müəssisə əməkdaşlarının məhkumlarla rəftarından şikayət alınmayıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib.
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb. 

O cümlədən Cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

Xəbər xətti